10.3 C
Gence
10.3 C
Gence

Gəncəli Əməkdar artist İdris Mehdiyevin 81 illiyidir

İdris Mehdiyev 26 avqust 1940-cı ildə Gəncə şəhərində anadan olub.

O, Xəzər Donanması Estrada orkestrinin solisti kimi SSRİ-nin bir sıra şəhərlərində çıxış edib. Hərbi xidmətini Baltik Donanmasının Mahnı və Rəqs ansamblında keçirib. Ansamblın solisti kimi İsveç, Norveç, Danimarka, Almaniya, Polşa, Finlandiya və digər Avropa ölkələrində qastrol səfərlərində olub.

Kiçik yaşlarında anası İdrisi tez-tez Şuşa şəhərinə aparırdı. İdris orada tədbirlərdə iştirak edib, xanəndələrin ifasında muğam və xalq mahnılarını dinləyirdi. Gəncədə təhsil aldığı orta məktəbin bədii özfəaliyyət kollektivinin solisti kimi oxumağa başlamışdır.

İdris Mehdiyev orta məktəbi bitirdikdən sonra Bakıya köçüb. O, Pioner və Məktəblilər Sarayında (hazırda Tofiq İsmayılovun adını daşıyır) uşaq xorunun solisti olub. Daha sonra isə fəaliyyətini Azərbaycan Dövlət Neft Akademiyasının kollektivinin solisti kimi davam etdirib.

1964-1978-ci illərdə Azərbaycan Radio və Televiziyası Estrada Orkestrinin, Bakı Hava Hücumundan Müdafiə Dairəsinin Mahnı və Rəqs Ansamblının solisti kimi fəaliyyət göstərib. 1979-cu ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Radio və Televiziyasının xorun solisti və direktoru olub.

İdris Mehdiyevin repertuarında Fikrət Əmirov, Vasif Adıgözəlov, Emin Sabitoğlu, Oqtay Zülfüqarov və digər sənətkarların əsərləri yer tutub. Bəstəkar Rəşid Şəfəq, İdris Mehdiyevlə bağlı xatirələrində yazırdı: “…İdris bir neçə mahnı oxudu. R.Behbudov İdrisi öz davamçısı kimi gördüyünü və onun yolu ilə getdiyini qeyd etdi”.

1974-cü ildə İdris Mehdiyev Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunub, 1978-ci ildə isə ona Əməkdar artist adı verilib.

İdris Mehdiyev 10 noyabr 2015-ci ildə 75 yaşında Bakıda vəfat edib.

Ən Çox Oxunan