Professor Əlirza Əsgər oğlu Atayev 1898-ci ildə Gəncə şəhərində anadan olub.
O, ilk təhsilini Gəncədəki rus-tatar məktəbində alıb, 1917-ci ildə isə təhsilini Tiflis ali kurslarında davam etdirib.
Əlirza Atayev Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən gənc mütəxəssislərdən ibarət qrupun tərkibində ixtisasını təkmilləşdirmək üçün Almaniyaya göndərilib. O, 2 il Leypsiq Universitetinin mamalıq-ginekologiya kafedrasında çalışıb. Atayev 1919-1920-ci illərdə AXC-nin Parlament dəftərxanasının rus dili üzrə redaktoru olub.
AXC-nin süqutundan sonra Əlirza Atayev 1921-ci ildə Moskva Dövlət Universitetinin tibb fakültəsinə daxil olub.
O, 1925-ci ildə Bakıya qayıdıb, ana və uşaqların sağlamlığının mühafizəsinə dair Azərbaycan dilində ilk dəfə məqalələr yazıb. Həmçinin Əlirza Atayev 1000 sözdən ibarət mamalıq-ginekologiya terminləri lüğətini nəşr etdirmişdir.
Atayev 1930-cu ildə tibb elmləri doktoru dərəcəsini alıb. 1936-cı ildə o, indiki Azərbaycan Tibb Universitetinin mamalıq və ginekologiya kafedrasının professoru seçilib. Əlirza Atayev bir müddət xəstəxanada, sonra isə Xalq Səhiyyə Komissarlığı Həkimləri Təkmilləşdirmə İnstitutunun mamalıq və ginekologiya kafedrasında müdir vəzifəsində çalışıb.
Əlirza Atayev 1937-ci ildə repressiyaya məruz qalıb. O, 8 il müddətinə Maqadana (Rusiya) sürgün edilib. Atayev həbsdə olan illərdə çətin doğuşlarda iştirak edib. Bu səbəbdən o, vaxtından əvvəl həbsdən azad edilib. Atayev 12 dekabr 1944-cü ildə Maqadan Şəhər Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Bu vəzifədə işlədiyi müddətdə “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunub.
1948-ci ildə Əlirza Penza (Rusiya) vilayət xəstəxanasına göndərilib və tezliklə Penza vilayətinin baş mama-ginekoloqu seçilib. Burada onun təşəbbüsü ilə Ümumittifaq mamalıq və ginekoloqlar elmi cəmiyyətinin filialı yaradılıb. 1956-cı ildə Atayevə bəraət verilib.
Ağır xəstəliyə tutulduğundan həkim elmi fəaliyyətini dayandırıb.
Əlirza Atayev 1962-ci ildə Bakıda vəfat edib.
Mənbələr:
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı-2004.
- Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə quberniyasından olan dövlət xadimləri. Gəncə-2018.
- https://www.muallim.edu.az/www.old/arxiv/2011/06/28.htm
- http://ganca.org/index.php?option=com_content&view=article&id=223:lirza-sgr-olu-atayev&catid=28:gnc-ziyalilar&Itemid=3