10.3 C
Gence
10.3 C
Gence

Gəncəli general-mayor Hacıbaba Zeynalov

Hacıbaba Məmməd oğlu Zeynalov 9 aprel 1909-cu ildə Gəncədə anadan olub.

O, hərbçi olmaq arzusu ilə 1923-cü ildə Bakıya gəlib və burada hərbi məktəbə qəbul olunub. Hacıbaba Zeynalov 1926-cı ildə məktəbi bitirərək, 2-ci Azərbaycan atıcı alayına taqım komandiri təyin olunub. O, həmçinin burada mühəndis və rabitə rəisi vəzifəsində çalışıb. Zeynalov 1937-ci ildə mayor rütbəsi alıb.

Hacıbaba Zeynalov 1939-cu ildə M.V.Frunze adına Hərbi Akademiyanın məzunu olub. O, həmçinin sovet ordu sıralarında 1939-cu ildə başlayan SSRİ-Finlandiya müharibəsində iştirak edib.

22 iyun 1941-ci ildə Böyük Vətən müharibəsi başlananda podpolkovnik Hacıbaba Zeynalov Pribaltika Hərbi Dairəsində “N” diviziyasının şöbə rəisi vəzifəsində çalışıb.

Zeynalov Qərbi Dvina çayında gedən döyüşlər zamanı sağ qalan Qırmızı Ordu əsgərlərindən bir batalyon təşkil edir. Bu batalyon faşist almanlarının nəzarəti altında olan körpünü gecə hücumunda ələ keçirir. Hacıbaba Zeynalovun təşkil etdiyi batalyon düşmənin 6 tankını və xeyli canlı qüvvəsini məhv edir. Bu döyüşdə Zeynalov öldürülən pulemyotçunu şəxsən əvəz edir və almanların hücumunun qarşısını pulemyot atəşi ilə  alır. Lakin daha sonra Hacıbaba yaralanır.

Sağaldıqdan sonra o, Zaqafqaziya cəbhəsinin 47-ci ordu qərargahının əməliyyat şöbəsinin rəisi, Krım cəbhəsinin 396-cı atıcı diviziyasının qərargah rəisi və 402-ci Azərbaycan atıcı diviziyasının komandiri olub.

Hacıbaba Zeynalov 1948-ci ildə Voroşilov adına Baş Qərargah Akademiyasını bitirib. 1956-cı ildə ona general-mayor rütbəsi verilib. 1956-1959-cu illərdə Bakı Ümumqoşun Ordu Komandanlığı Məktəbinin rəisi vəzifəsində çalışıb.

Zeynalov SSR Ali Sovetinin 4 və 5-ci çağırış deputatı olub.

General-mayor Hacıbaba Zeynalov Lenin ordeni, iki Qırmızı Bayraq, Qırmızı Ulduz ordenləri və medallarla təltif olunub.

Hacıbaba Zeynalov 13 noyabr 1969-cu ildə Bakıda vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub.

Mənbələr:

  1. Fəxri xiyaban.
  2. Gəncə şəhərinin hərb tarixi və şəhidləri. Gəncə-2013.
  3. http://www.savash-az.com/COMMANDERS.htm
  4. https://www.azerbaijans.com/content_1643_az.html

Ən Çox Oxunan