16.4 C
Gence
16.4 C
Gence

Gəncəli cərrah Zülfüqar Məmmədov

Zülfüqar Mehdi oğlu Məmmədov 21 mart 1903-cü ildə Gəncədə anadan olub.

O, ilk dəfə olaraq Azərbaycan Respublikası ərazisində endemik ur (zob) xəstəliyinin epidemiologiyası, diaqnostikası, profilaktika və müalicəsi üsullarını müəyyən edib.

Məmmədov 1921-ci ildə Gəncə gimnaziyasını bitirib. Daha sonra o, Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə (hal-hazırda Azərbaycan Tibb Universiteti) daxil olub.

O, 1926-1936-cı illərdə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinin Ümumi cərrahlıq kafedrasında müxtəlif vəzifələrdə çalışıb. Məmmədov 1936-cı ildə professor elmi adına layiq görülüb.

Zülfüqar Məmmədov cərrahiyyə sahəsi üzrə tanınmış alim idi. Onun elmi fəaliyyətinin əsas hissəsini endemik ur xəstəliyinin, endokrinoloji və digər xəstəliklərin, o cümlədən yanıqların, donmaların Naftalan neftindən hazırlanmış preparatlarla müalicəsi üsullarının işlənib hazırlanması təşkil edib.

Professor 1938-1971-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun Ümumi cərrahlıq kafedrasının müdiri vəzifəsində çalışıb. O, respublikada zob xəstəliyi ilə mübarizə komitəsinin sədri, Azərbay­can Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru olub. Məmmədov 1943-1946-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru vəzifəsində işləyib. Alim 1961-ci ildən Elmi Tədqiqat Kliniki və Eksperimental Tə­babət İnstitutunun Endokrin cərrahlığı şöbəsinə rəhbərlik edib.

Zülfüqar Məmmədov 1947-ci ildən Azərbaycan Cərrahlar Cəmiyyətinin səd­ri və Ümumittifaq Endokrinoloqlar Komitəsinin üzvü olub. O, 1961-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə həqiqi üzvü seçilib. Məmmədov 1962-ci ildən ömrünün sonuna qədər Ümum­ittifaq Cərrahlar Cəmiyyəti Rəyasət Heyətinin üzvü idi.

Alim 130-a qədər elmi əsərin, 8 monoqrafiyanın, “Ümumi cərrahlıq” dərsliyinin müəllifi olub.

Akademik Məmmədov 1942-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülüb, “Lenin”, “Qırmızı Ulduz”, “Qırmızı Əmək Bayrağı” ordenləri və medallarla təltif olunub.

Zülfüqar Məmmədov 5 iyul 1971-ci ildə Bakıda vəfat edib və vəsiyyətinə uyğun olaraq, Gəncədə dəfn edilib. Gəncədə onun adını daşıyan xəstəxana var.

Mənbələr:

  1. Gəncə böyük hərflə. №9. Gəncə-2007.
  2. Azərbaycan tibbinin korifeyləri. Bakı-2020.
  3. https://science.gov.az/ru/forms/skonchavshiesya-deystvitelnyie-chlenyi/3346
  4. http://www.nkpi.az/?page=addread&id=826

Ən Çox Oxunan