20.3 C
Gence
15.5 C
Ganja

Gəncəli aktyor və rejissor Əfrasiyab Məmmədov

Əfrasiyab Məmmədov 19 mart 1928-ci ildə Gəncə şəhərində anadan olub.

O, 1945-ci ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissor və pedaqoq Məhərrəm Haşımovun rejissorluq kursuna daxil olub. Lakin 6 ay sonra aktyor və rejissor Adil İsgəndərov Əfrasiyab Məmmədovun səhnə görünüşünü bəyənib, onu aktyorluq kursuna keçirib. Daha sonra isə Adil İsgəndərov Əfrasiyab Məmmədovu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına aktyorluğa qəbul edib.

Əfrasiyab Məmmədov “Koroğlu” (Rövşən, Koroğlu), “Qızmar günəş altında” (Eldar), “Kişi sözü” (Nəbi), “O olmasın, bu olsun” (Sərvərin dostu), “Sehirli xalat” (Sərdar), “Əmək və qızılgül” (çeçen) və bir çox filmlərdə müxtəlif obrazlar canlandırıb. Aktyor “Otello”, “Vaqif”, “Ailə namusu” kimi tamaşalarda oynayıb. O, həmçinin Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru kimi çalışıb və eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olub.

Məmmədov kinoda obrazları səsləndirən qismində də çalışıb. O, “Böyük dayaq”da Çoban Kərəmi, “Əmək və qızılgül”də Müsiti, “Əhməd haradadır?”da inşaatçını və digər filmlərdə müxtəlif rolları səsləndirib.

Əfrasiyab Məmmədov 18 noyabr 1990-cı ildə 62 yaşında Bakıda vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub.

2011-ci ildə Əfrasiyab Məmmədovun yaradıcılığının bir hissəsini əks etdirən materiallar Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təqdim olunub və aktyorun şəxsi arxivi yaradılıb. 2013-cü ildə isə aktyorun xatirəsinə “Qəribə taleli aktyorun sənət dünyası. Əfrasiyab Məmmədov” adlı sənədli film çəkilib.

Mənbələr:

  1. http://az.baku-art.com/az/bu-gun-azerbaycan-aktyoru-ve-teatr-rejissoru-efrasiyab-m-mm-dovun-dogum-g-n-d-r
  2. https://medeniyyet.az/page/news/4080/Arxivde-aktyorun-sexsi-fondu-yaradilir.html
  3. https://www.kino-teatr.ru/kino/acter/m/sov/32451/works/
  4. https://www.azerikino.com/efrasiyab-memmedov.html