25.8 C
Gence
25.8 C
Gence

Gəncəli aktyor və rejissor: Şahmar Ələkbərov

Şahmar Ələkbərov 23 avqust 1943-cü ildə Gəncə şəhərində anadan olub. Onun doqquz yaşı olanda, ailəsi Bakıya köçüb.

Hələ məktəbdə oxuyarkən, o vaxtki 26-lar adına Mədəniyyət Sarayına dram dərnəyinə gedib, orada tamaşalarda oynamışdır. Azərbaycan İncəsənət İnstitutunun aktyorluq fakültəsində, sənətkar Rza Təhmasibin kursunda təhsil almışdır.

Üçüncü kursda oxuyarkən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə girmişdir və bir müddət orada aktyor kimi çalışmışdır. Teatrda ilk dəfə Şekspirin “Lope de Veqa” tamaşasında çıxış etmişdir. Universiteti bitirdikdən sonra, müəllim-assistent kimi çalışıb, aktyor sənətindən dərs demişdir.

“Ustalar” tamaşasında rolu ilə rejissor Adil İsgəndərovun diqqətini cəlb etmişdir. Cəfər Cabbarlı adına Kinostudiyanın direktoru Adil İsgəndərоv, Şahmarı özünün yaratdığı “Kino aktyorluğu” studiyasına işləməyə dəvət etmişdir.

Kinoda ilk rolu “Dağlarda döyüş” filmindəki Fərrux obrazıdır. Şahmar Ələkbərov “Yeddi oğul istərəm”, “İntizar”, “Axırıncı aşırım”, “Qatır Məmməd” və s. kimi filmlərdə rol almışdır.

Şahmar Ələkbərovun teleradioda da fəaliyyəti olub. Radioda “Ulduz” proqramının, “Molla Nəsrəddin” radioverilişinin aparıcısı olmuşdur.

Şahmar Ələkbərov həmdə rejissor idi. Onun bu sahədə ilk işi rejissor Gülbəniz Əzimzadə ilə çəkdiyi “İmtahan” filmi olmuşdur. Sonra “Sahilsiz gecə”ni çəkmişdir. Şahmar Ələkbərovun ssenarisi əsasında çəkilən “Qəzəlxan” filmi  Azərbaycan şairi Əliağa Vahidin həyat və yaradıcılığının müxtəlif anlarını canlandırır.

Şahmar Ələkbərov Azərbaycan SSR Əməkdar artisti, Azərbaycan SSR xalq artisti, ən yaxşı bədii filmə görə Azərbaycan SSR dövlət mükafatı, kimi mükafatlara layiq görülmüşdür.

Xalq artisti 12 avqust 1992-ci ildə, 48 yaşında xərçəng xəstəliyindən vəfat edib və Bakıda II Fəxri Xiyabanda dəfn olunub.

 

Mənbələr:

  1. http://regionplus.az/az/articles/view/2701
  2. https://azertag.az/xeber/Azerbaycan_kinosunun_Sahmari-1567511
  3. https://oxu.az/culture/145572
  4. http://istoriya-kino.ru/kinematograf/item/f00/s00/e0000068/index.shtml
  5. https://m.modern.az/az/news/62480/sahmar-elekberov-anildi
  6. http://web2.anl.az:81/read/page.php?bibid=vtls000601866
  7. https://filmfond.az/2020/08/23/sahmar-%C9%99l%C9%99kb%C9%99rovun-dogum-gunudur/

Ən Çox Oxunan