Aktyor Məmmədrza Şeyxzamanov Gəncə Dram Teatrının səhnəsində bir çox tamaşalarda çıxış etmişdir. Belə tamaşalardan biri də şair Səməd Vurğunun “Vaqif” pyesi idi. Məmmədrza burada “Eldar” obrazını canlandırırdı.
Şeyxzamanov Eldar rolunda çıxış edərkən Səməd Vurğun zalda oturub tamaşaya baxırmış. Tamaşa bitdikdən sonra Səməd Vurğun səhnəyə qalxaraq aktyoru qucaqlayıb, deyir: “Məmmədrza neçə illərdən bəri görmək istədiyim Eldarın özüdür”.
Teatrda bir müddət çalışandan sonra Məmmədrza pantürkist adı ilə ailəsi ilə birgə Qazaxıstana sürgün edilir. Lakin yeddi ildən sonra o, icazəsiz Gəncəyə qayıdır. Şeyxzamanov burada qohum-qonşularının evində gizlənir. O vaxtlar bu, çox təhlükəli idi.
Bir gün Məmmədrza Səməd Vurğunla görüşür. Səməd Vurğun Şeyxzamanovun onun tamaşalarında maraqlı obrazlar yaratdığını xatırlayır və ona kömək edir. Beləliklə, Məmmədrzanı ölümdən xilas edir. Şair, həmçinin aktyorun sürgündə olan qohumlarını da geri qaytara bilir. Səməd Vurğunun sayəsində onun sürgün həyatına son qoyulur.
1954-cü ildə Mədəniyyət Nazirliyinin əmri ilə Məmmədrza Şeyxzamanov Akademik Dram Teatrında aktyor ştatına qəbul edilir və burada bir çox rollarda oynayır.
Mənbələr: