Ələkbər Həsən oğlu Cəfərov 21 dekabr 1913-cü ildə Gəncədə anadan olub. O, Ələkbər Ziyatay kimi tanınıb.
Ziyatay yeddiillik şəhər məktəbini bitirib, inşaat texnikumunda təhsil alıb. O, məktəb illərində ədəbiyyata maraq göstərir və inşa yazıları, kiçik həcmli şeirlər yazır. 1933-сü ildə Ələkbər Ziyatay Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsinə daxil olur.
O, 1937-ci ildə “Ədəbiyyat qəzeti” redaksiyasında poeziya şöbəsinin müdiri vəzifəsinə təyin olunur. Ələkbər Ziyatay 1941-1950-ci illərdə Azərbaycan Sovet Yazıçıları İttifaqının Gəncə bölməsinin məsul katibi vəzifəsində çalışıb. Eyni zamanda o, indiki Gəncə Dövlət Universitetində baş müəllim vəzifəsinə təyin olunub və qiyabi pedaqoji institutlarda, respublika partiya məktəbində müəllim işləyib. O, həmçinin Gəncə Şəhər Xalq Deputatları Sovetinin deputatı seçilib.
Ələkbər Ziyatay 1935-ci ildən ədəbi fəaliyyətə başlayıb və şairin ilk şeirləri: “İkibaşlı qartal”, “Berlində yanğın”, “İki cahan” qəzet və jurnallarda dərc olunub. O, əsasən, lirik şair kimi tanınırdı. Ələkbər Ziyatay “Qəlbim gəl deyir”, “Nə deyim”, “Səninləyəm”, “Azərbaycanım mənim”, “Bakı gecələri”, “Sənsən”, “Dilim-dilim ol, dilim”, “Olmalıydın, olmadın” kimi şeirlərin müəllifidir.
Xalq artisti Zeynəb Xanlarova şair haqqında belə deyib: “Ələkbər Ziyatay mənim çox sevdiyim şairlərdəndir. Onunla ilk dəfə bəstəkar Ələkbər Tağıyevin evində tanış olmuşam. Bəstəkar onun “Azərbaycanım mənim” adlı şeirinə musiqi yazmışdı. Mahnını birinci dəfə mən ifa etdim…”Sənsən” şeirinə bəstələnən mahnı da mənim ifamda nəinki Azərbaycanda, hətta İsraildə, Avstraliyada, Amerikada, Avropada da sevildi. O mahnı əlli ildən çoxdur ki, yaşayır və ölməzlik qazanıb…”
Ələkbər Ziyatay tərcüməçi kimi də fəaliyyət göstərib. O, Homerin “Odisseya”, ispaniyalı şair və dram yazarı Lope de Veqanın “Nə yardan doyur, nə əldən qoyur”, alman şairi, dramaturqu Bertold Brextin “Üç quruşluq opera” və “Min bir gecə”dəki qəzəllərin bir çoxunu Azərbaycan dilinə tərcümə edib.
Ələkbər Ziyatay 2 iyul 1982-ci ildə Bakıda vəfat edib və Gəncə şəhərində dəfn olunub.
Mənbələr:
- Mədəniyyət.- 2014.- 19 dekabr.- S. 11.
- 525-ci qəzet.- 2014.- 3 dekabr.- S.6.
- https://525.az/news/160172-xezan-bilmeyen-fesildir-sair-omru-anim
- https://www.ens.az/az/elekber-ziyatay