Çinar ağaclarına Gəncədə parklarda və şəhərin küçələrində rast gəlmək olar. Gəncə çinarları böyüklüyünə görə “Xan çinarı” adlandırılır. Gəncədəki Şərq çinarları şəhərin rəmzi hesab edilir. Şərq çinarı Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilib və dünyanın ən uzunömürlü ağaclarından sayılır.
Ehtimal edilir ki, Gəncədə ilk çinar ağacını XIII əsrdə Usta Bəndərin atası zərgər Dədə İmran çəkdiyi arxın yanında əkib.
Hazırda şəhərdə 40 mindən çox çinar ağacı var. Onlardan təxmini 200-nün 150 yaşı, 300-dən çoxunun isə 100-ə yaxın yaşı var. Gəncədə 300-400 yaş arası 4 və 600 yaşında olan 5 çinar ağacı qeydə alınıb. 600 yaşlı çinar ağacları Şah Abbas məscidinin həyətində, Nizami Gəncəvi küçəsində və Totanlı ərazisindədir.
Şah Abbas məscidinin həyətində olan Xan çinarlarını 1606-cı ildə I Şah Abbas Səfəvi əkdirib. 1804-cü ildə rus qoşunları şəhəri topa tutub və bu ağaclar da həmin vaxt yanıb. Ağacların başını da kəsiblər, lakin çinarlar qurumayıb və yenidən qol-budaq atıb.
Azərbaycan Dövlət Aqrar Universitetinin professoru Zaur Həsənov AZƏRTAC-a müsahibəsində deyib ki, Gəncənin iqlimi üçün xarakterik hesab edilməyən Şərq çinarları bu ərazilərdə daha sürətlə boy atır. O, bunun səbəbinin çinar ağaclarının kökünün torpağın dərin qatlarınadək uzanması və Gəncənin yeraltı çay, kəhriz su sisteminə malik olmasını hesab edir.
1980-ci ildə ümummilli lider Heydər Əliyev Gəncədə Xatirə Parkına (indiki Heydər Əliyev adına Park-Kompleksi) ağac əkmək istədiyini bildirir. Əliyevə şam ağacı gətirirlər, lakin o, şam ağacını geri qaytarır, deyir: “Mənə çinar verin. Mən Gəncədə yalnız çinar əkəcəyəm! Çinar ucalıq və əbədilik rəmzidir!”.
Qacarlar sülaləsinin ziyalı şahzadəsi Fərhad Mirzə Mötəmədüddövlə XIX əsrdə “Səfərnamə” adlı əsərində Gəncə çinarları haqqında yazıb: “Gəncədə böyük, əzəmətli çinarlar çoxdur. İsfahandan sonra Gəncədən başqa, heç bir şəhərdə bu qədər çinar görməmişəm”.
Mənbələr:
- Gəncə şəhərinin hərbi tarixi və şəhidləri. Gəncə-2013.
- Fərhad Mirzə Qacar. Səfərnamə. Bakı-2017.
- https://azertag.az/xeber/Gencenin_remzine_chevrilen_Xan_chinari_ve_onun_faydalari-927142
- https://azertag.az/xeber/Gencenin_Dik_kuchesine_seyahet_yaxud_Alini_Ninodan_ayiran_mekan-1116465
- http://ganjatv.az/manshet/206-tarixin-ahidlri-xan-cinarlar.html
- https://www.yenigence.com/cinarlar-q%C9%99dim-g%C9%99nc%C9%99nin-sohr%C9%99t-v%C9%99-qurur-m%C9%99nb%C9%99yidir/
- https://www.youtube.com/watch?v=RaSAVROYWNc
- https://525.az/news/111687-men-gencede-cinar-ekeceyem



