16.4 C
Gence
16.4 C
Gence

Gəncə şəhərinin gizli yeraltı yolları

Şərqin, Avropanın, həmçinin Rusiyanın müxtəlif şəhərlərində yeraltı tunellər və ya yollar mövcud olmuşdur. Azərbaycanın isə belə şəhərlərindən biri Gəncədir. Gəncənin yeraltı yollarını bir sıra tarixçilər və alimlər araşdırıblar.

Mərhum tarixçi Samir Pişnamazzadənin dediyinə görə, yeraltı yollar üç istiqamətdə inşa edilərək, şəhərin bütün ərazilərini biri-biri ilə birləşdirir. Professor Arif Məmmədov isə bu haqda belə yazmışdır: “Gəncə şəhərinin altından üç istiqamətə gedən yollar var, –  deməklə də yanlışlığa yol verilir. Çünki onlar şəhəri üç istiqamətdən su ilə təmin edən kəhriz quyularıdır”. Bəzi alimlər isə bu yollardakı köhnə binaların bir neçə mərtəbədən ibarət zirzəmiləri olduğunu söyləyirlər.

Bır sıra alimlərin dediyinə görə, yeraltı yollar hərbi məqsədlər üçün istifadə olunmuşdur. Düşmənin şəhərə hücum və yürüşləri zamanı yollardan mülki əhalinin təxliyə edilməsi üçün istifadə edilmişdir. Həmçinin bu yolların vasitəsi ilə şəhəri mühasirəyə alan düşmənə qəfil hücum etmək olurdu. Burada vaxtilə ərzaq və silah anbarları da yerləşdirilmişdir.

“Gəncə böyük hərflə” jurnalının 2009-cu il 15 nömrəli buraxılışında bu tunellər haqqında məlumat verilir. Belə ki, şəhərin yeraltı tunellərinin uzunluğu 90 km-ə qədərdir. Əksər yerlərdə yolların hündürlüyü 3 metr, eni isə 2,5 metrdir. Tavanlar qırmızı kərpicdən hörülmüşdür. Qırmızı kərpic tavanın etibarlı və ağır yükə tab gətirə bilməsi üçün istifadə edilmişdir. Döşəmə isə bəzi yerlərdə daş və kərpiclərdən ibarətdir.

Yeraltı yollarda havalandırma sistemi mövcud olub. Burada xüsusi tikilmiş borular var idi və onlar tunelləri yerin üstü ilə əlaqələndirirdi. Yeraltı yollarda boruların ard-arda olması, birləşmə bucağının dərəcəsi, yerin relyefinin dəqiq hesablanması burada havanın təmiz olmasına şərait yaradırdı. Bu yollar bəzi yerlərdə şəhərə çəkilən kəhrizlərlə kəsişdiyindən burada içməli su da olmuşdur.

Sovet dövründə yolların bəzi keçidləri bağlanıb. Bəzi ventilyasiya boruları tıxandığından isə buraya oksigenin daxil olması çətinləşib.


Mənbələr:

  1. Gəncə böyük hərflə. №15. Gəncə-2009.
  2. https://azertag.az/xeber/Gence_uydurmalar_ve_realliqlarGence_seherinin_4000_il_yasi_ve_orada_yeralti_fayton_yollari_yoxdur-208257
  3. https://news.milli.az/society/186287.html
  4. https://news.day.az/society/610173.html
  5. https://www.youtube.com/watch?v=pxbvYhKnyW4\
  6. https://www.xezerxeber.az/news/cemiyyet/171497/gencede-tapilan-yeralti-yollarin-tarixi-sirri
  7. https://www.youtube.com/watch?v=_tK08n4AVVo

 

Ən Çox Oxunan