Mahallar Azərbaycan ərazisində inzibati ərazi vahidləri idi. Onlar Səfəvilər dövləti, sonralar isə xanlıqlar və Rusiya imperiyası dövründə mövcud olub.
XVIII əsrdə Gəncə xanlığının ərazisində (Murovdağ silsiləsindən Kür çayınadək olan torpaqlar) 12 mahal var idi.
1836-cı ildə Gəncə dairəsinin 6 mahalı haqqında məlumat var: Dağlıq, Şamxor, Kürəkbasan, Gəncəbasan, Samux və Ayrum.
Dağlıq mahalı Gəncə dağlarında, şəhərin cənub-qərb hissəsində yerləşirdi. Mahal 14 kənddən və burada olan 585 evdən ibarət idi. Ehtimal edilir ki, bu mahal Gəncə xanlığı ləğv edildikdən sonra, 1820-ci illərdə Gəncə dairəsinin inzibati quruluşunda edilən bəzi dəyişikliklər nəticəsində yaradılıb.
Şamxor (Şəmkir) mahalı Şəmkirçayın hər iki sahilində yerləşirdi. Mahal 7 kənddən ibarət idi. “Şəmkir” toponimi haqqında müxtəlif fikirlər mövcuddur. Dilçi Cahangir Zeynaloğlu “Muxtəsər Azərbaycan tarixi” kitabında Şəmkir sözünü belə izah edib: “Şəmkir-Şəms-günəş və kir-tapınan mənasındadır, günəşə tapınanlar yurdu deməkdir”. Dilçi alim Cahangirov isə bu adı “Şəmkür”, yəni “Kürqırağı” kimi izah edib. Şamxor mahalında 688 ev var idi.
Kürəkbasan mahalı Kürəkçayın sağ və sol sahilləri boyunca yerləşirdi. Mahalın adı bu çayın adı ilə bağlıdır. Tədqiqatçılar çayın toponimini qədim türk dillərindən “kürək”- “qaçan, sürətlə axan” sözü ilə bağlayırlar, bu isə “sürətli çay, iti axan çay” anlamını verir. “Basan” sözü “yenən, qalib gələn” mənasını ifadə edir. Kürəkbasan mahalında yerləşən 12 kənddə 651 ev olub.
Gəncəbasan mahalı Şamxor və Kürəkbasan mahallarının arasında mövcud olub. Mahalda 12 kənd və 432 ev var idi.
Samux mahalı Samux dağları silsiləsinin arxasında, Kür çayının sağ sahilində yerləşirdi. “Samux” adının mənşəyi qədim alban toponimləri ilə əlaqədar olub, “meşəlik”, “ağaclıq” mənasını verir. Samux mahalının ərazisinə 9 kəndlə bərabər, 330 ev daxil idi.
Ayrum mahalı səpələnmiş köçərilərdən ibarət idi. Burada, əsasən, ayrımlar yaşayıb. Ayrımlar qədim və köklü türk tayfalarıdır. Bir zamanlar “ayrım” sözü “ayrum” kimi istifadə edilib. Ayrum mahalında 674 ev var idi.
Mənbələr:
- Обозрение российских владений за Кавказом в статистическом, этнографическом, топографическом и финансовом отношениях. 1836.
- Советская этнография. 3 часть. Москва-1962.
- Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri. Bakı-2000.
- Эльгюн Бабаев. Из истории Гянджинского ханства. Баку-2003.
- Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı-2007.
- Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı-2007.
- http://shamkir-ih.gov.az/page/11.html
- https://gomap.az/info/Cities/Samukh.aspx
- https://www.ens.az/az/gence-xanligi