Zarya sinematoqrafiyasının binası Gəncənin vaxtilə Yelizavetpol adlanan, hal-hazırda isə Əttarlar adını alan küçəsində yerləşir. Tikili 1895-ci ildə Gəncədə yaşayan almanlar tərəfindən inşa edilib. Bura “Sinematoqrafiya” adı ilə də tanınıb.
Bina əvvəllər kinoteatr kimi fəaliyyət göstərib. Burada, həmçinin Fridrix Engels adına uşaq kinoteatrı yerləşib.
Gəncə sakinlərinin söylədiklərinə görə, XX əsrin əvvəllərində Gəncədə ilk kinolardan biri məhz bu kinoteatr binasında nümayiş edilmişdir.120 nəfərlik tamaşaçı zalı olan bu kinoteatr sovet dövründə də var idi. Sinematoqrafiyada gündə iki seans kino verilirdi.
Bina kərpicdən inşa edilib. Gəncənin digər binalarından fərqli olaraq, tikilinin mərkəzi hissəsi tağvari formaya malikdir. Binanın ön tərəfində ornamentlərlə bəzədilmiş iki qapı var. Həmçinin binanın sol hissəsi günbəzlə örtülüb.
Əvvəllər binanın üzərində onun tarixi haqqında məlumat lövhəsi yerləşirdi, lakin hal-hazırda həmin lövhə götürülüb. Sinematoqrafiya binasının yanında yerləşən “Cinema boutique” otelə köhnə kinoteatrın adı verilib.
1969-cu ildə Fridrix Engels adına kinoteatrdan başqa, Gəncədə Nizami adına kinoteatr, “Gəncə” və “Smena” kinoteatrları da fəaliyyət göstərirdi.
Alman kolonistləri Gəncə və onun ətraf bölgələrinə 1818-1819-cu illərdə köçürülüblər.
Gəncədə almanlar 1941-ci ilin avqust ayına kimi yaşayıblar.
Onların bu müddət ərzində şəhərdə texniki tərəqqinin yüksəldilməsində və əhalinin maddi mədəniyyətinin inkişafında rolu olmuşdur. Elektrik dəyirmanlarının qurulması, şəhər teatrının və sinematoqrafiya binalarının inşası Gəncədə mədəni inqilaba təkan vermişdir.
Mənbələr:
- Q. Hümmətov. B. Bağırov. Kirovabad. Bakı-1969.
- Fərrux Əhmədov. Gəncənin tarixi yaddaşı. Bakı-1998.
- Gəncənin maddi mədəniyyət abidələri. Nurlan-2004.
- Namlet Allahverdiyev. Gəncə məhəllələri. Bakı-2020.
- https://www.elibrary.az/docs/jurnal/jrn2020_565.pdf
- https://www.elibrary.az/docs/qazet/qzt2016_3109.htm