16.4 C
Gence
16.4 C
Gence

Gəncədə yaradılan Azərbaycanın ilk milli siyasi firqəsi: Qeyrət partiyası

Qeyrət partiyası 1905-ci ilin yayında Gəncədə yaradılıb. Bu, Azərbaycanın ilk milli siyasi firqəsi idi.

“Qeyrət” partiyası məhz Türk Sosial-Federativ İnqilabi Komitəsinin əsasında yaradılmışdır. Partiya, həmçinin “Tatar sosialist-federalist inqilabçılarının partiyası” adlanırdı. Partiyanın qırmızı möhürü və proqramı var idi. Qeyrət partiyası ilk növbədə Azərbaycana muxtariyyətin verilməsi və Rusiyanın federativ şəkildə qurulması tələblərini ifadə edirdi.

XX əsrin əvvəllərində Gəncə milli azadlıq hərəkatının mərkəzinə çevrilmişdi. Buna səbəb əhali arasında təhsil almış ziyalıların olması və Gəncənin Gürcüstana yaxınlığı idi. Gürcüstan həmin zaman Qafqazda separatçı hərəkatın mərkəzlərindən biri idi. Bu vaxtlarda Gəncədə Türk Sosial-Federativ İnqilab Komitəsinin imzaladığı iki vərəqə yayılır.

Birinci vərəqənin məzmunu: “Türk qardaşlar! Bakı hadisəsi biz müsəlmanları və erməniləri yüz il geriyə itələdi, geri çəkdi və bizi bütün digər qəbilələrin gözündə rüsvay etdi. Bakının küçələrində qanlı erməni və müsəlman meyitləri varkən, düşmənimiz qürurlanır…Ona görə də oyanıb düşmən-Rusiya hökumətini tanımalıyıq”. Birinci və ikinci vərəqənin məzmunu oxşar idi. Türk Sosial-Federalistlər Komitəsi muxtariyyət və Rusiyanın federal quruluşu ideyasını irəli sürürdü.

Partiyanın rəhbərliyi ziyalı təbəqədən ibarət idi. Onların sırasında Ələkbər bəy Rəfibəyli, Adil bəy Xasməmmədov və bəzi mənbələrə görə, Nəsib bəy Yusifbəyli kimi ictimai xadimlər var idi. Həmçinin firqədə sadə Gəncə sakinləri fəaliyyət göstərib. Onlar əhali arasında federalizm ideyalarını yaymaq və millətlərarası savaşa son qoymaq çağırışı ilə iştirak ediblər.

Qeyrət partiyasının özəkləri Şuşa və Bakıda da fəaliyyət göstərib. Partiya 1908-ci ildə öz fəaliyyətini dayandırıb.

Mənbələr:

  1. И. С. Багирова. Политические партии и организации Азербайджана в начале XX века (1900-1917). Баку-1997.
  2. Д. Б. Сеидзаде. Из истории азербайджанской буржуазии в начале XX века. Баку-1978.
  3. https://aqreqator.az/az/siyaset/876926

Ən Çox Oxunan