16.4 C
Gence
16.4 C
Gence

Gəncədə xeyriyyəçinin çəkdirdiyi bulaq: Hacı Mir Qasım ağa kəhrizi

Hacı Mir Qasım ağa kəhrizi Gəncənin Bala Bağman məhəlləsində, İsmət Qayıbov 1B ünvanında yerləşir. Kəhrizin yaranma tarixini 1914-cü ilə aid edirlər, lakin bəzi mənbələrdə bunun həqiqətə uyğun olmadığı qeyd edilir.

Hacı Mir Qasım ağa Gəncədə xeyriyyəçiliklə məşğul olub. Deyilənə görə, ağanın Kəşmirdə (Asiya) tütün fabriki var imiş.

Kəhrizin çəkilməsi haqda müxtəlif versiyalar var. Fərrux Əhmədovun “Gəncənin tarixi yaddaşı” kitabında yazdığına görə, ağanın övladları olmayıb. Hacı Mir Qasım ağanın imkansız bir qardaşı var idi. Bir gün iki qardaşın xanımları dalaşır və kasıb qardaşın xanımı deyir: “Züryətin yox, oğul-uşağın yox! Öləndən sonra nə qalacaq axı sizdən bu dünyaya?”. Bu, ağanın xanımının ağlamasına səbəb olur. Evə gələn ağa xanımını bu vəziyyətdə görür və nə olduğunu soruşur. Xanım: “...bizə yaşamaq lazım deyil,-” deyir və hər şeyi ona danışır. Hacı isə: “sən fikir eləmə, buna da bir çarə taparıq”,- deyir.

Səhəri gün Hacı Mir Qasım ağa şəhərə su çəkdirmək qərarına gəlir və Qızılqaya adlanan əraziyə gedir. Ağa kəhrizin inşası üçün qazılan hər quyuya kənkanlara (quyu qazanlar) bir ovuc qızıl verir. Sonra o, şəhərə qayıdır və yoldaşına deyir: “Xanım, kəhriz çəkdirirəm!…Şah Abbasın adı ilə yanaşı, bizim də adımız şəhərdə ömrü boyu qalacaq!”.

Digər versiyalardan birini Kəpəz Tv-yə Hacı Mir Qasım ağanın qohumu Arzu Həmzəyeva danışıb. O da ağanın övladı olmadığını qeyd edib. Hacının evinin yaxınlığında bir bulaq var idi. Ağa bulağa öz dərdlərini danışar, ağlayardı. Bir gün ağaya səs gəlir ki, Gəncəyə su çəkdir və o, sənin böyük oğlun olacaq. Hacı kəhriz inşa etdirməyə başlayır və hər qazılan quyuya qızıl onluq verir. Kəhrizin tikintisi bitəndə sakinlər suyun gəlməsini gözləyir, lakin su gəlmir. Ağaya bu, pis təsir edir və o, evinə qayıdıb uzanır. Kənkanlar suyun niyə gəlməməsinə baxmağa gedirlər. Məlum olur ki, bir quyunun gözünü bağlayıblar. Kənkanlar quyunu düzəldirlər və muştuluqlamaq üçün ağanın yanına gələndə görürlər ki, Hacı Mir Qasım ağa vəfat edib.

Kəhriz 1987-1990-cı illərdə bərpa olunub, 2011-2013-cü illərədək istifadə edilib. Daha sonra isə gözü bağlanaraq ləğv edilib.

1950-ci ilin məlumatına əsasən, Hacı Mir Qasım ağa kəhrizinin uzunluğu 2.9 km olub.

Mənbələr:

  1. Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı-1998.
  2. Gəncə böyük hərflə. №4. Gəncə-2006.
  3. https://www.youtube.com/watch?v=aBn0Nfv8920&t=812s
  4. https://gancapost.info/az/article/1289/g-nc-nin-bala-bagban-m-h-ll-si-tarix
  5. http://etmtv.news/teatrsunas-anar-burc%C9%99liyev-g%C9%99nc%C9%99nin-m%C9%99rk%C9%99zind%C9%99-olan-haci-mir-qasim-aga-k%C9%99hrizinin-b%C9%99rpa-edilm%C9%99sin%C9%99-boyuk-ehtiyac-var/
  6. https://azertag.az/xeber/Azerbaycan_tarixinde_imzalarini_qoymus_sexsiyyetlerin_uyudugu_mekan___Sebzikar_qebiristanligi_VIDEO-1026654
  7. https://news.milli.az/society/275735.html

Ən Çox Oxunan