25.4 C
Gence
18.5 C
Ganja

Gəncə Dövlət Dram Teatrında 50 ildən çox fəaliyyət göstərən Məhəmməd Bürcəliyev

Məhəmməd (Məmməd) İsmayıl oğlu Bürcəliyev 25 aprel 1914-cü ildə Şəki şəhərində anadan olub. 

O, Şəkidə beşillik orta təhsilini başa vurub. Daha sonra Məhəmməd 1932-ci ildə təhsilini davam etdirmək üçün Karl Lipknixt adına fabrik – zavod məktəbinə daxil olub. Bürcəliyev 1967-1968-ci illərdə N.K.Krupskaya adına Moskva Dövlət İncəsənət Universitetinin teatr aktyoru və rejissoru fakültəsini bitirib.

Aktyor 1932-1935-ci illərdə Şəki Dövlət Dram Teatrında fəaliyyət göstərib və müxtəlif obrazlar yaradıb. Məhəmməd Bürcəliyev 1935-ci ildən ömrünün sonunadək Gəncə Dövlət Dram Teatrında çalışıb.

Bürcəliyev Gəncə Dövlət Dram Teatrının səhnəsində 300-dən artıq obrazlar yaradıb.  “Od gəlini”ndə Altunbay, “Aydın”da Səlim, “Nəsrəddin şah”da Cavad xan, “1905-ci ildə”də Qubernator, “Almaz”da Şərif,  “Vaqif”də İbrahim xan və başqa obrazlar onun yaradıcılığının əsas hissəsini təşkil edir. Bundan başqa, Məhəmməd Bürcəliyev “Dəli Kür” filmində Allahyar, “Qəm pəncərəsi” filmində Rəşid bəy, “O dünyadan salam” filmində Hacı Baxşəli və başqa filmlərdə rol alıb.

Aktyorluq fəalliyəti ilə yanaşı, o, Gəncə Dövlət Dram Teatrında bir neçə pyesin quruluşçu rejissoru da olub. Onlardan Cəlil Məmmədquluzadənin “Ölülər”, Teymur Məmmədovun “Ürək yanarsa”, Altay Məmmədovun “Həmyerlilər” və “Bəraət”, Şəfayət Mehdiyevin “Mirzə Fətəli”, Abdulla Şaiqin “Tülkü həccə gedir” əsərləri əsasında səhnələşdirilmiş tamaşaları qeyd ermək olar.

1944-1945-ci illərdə Məhəmməd Bürcəliyev Fikrət Əmirovla birgə Gəncə Dövlət Filarmoniyasını yaradıb. Həmin illərdə filarmoniyanın direktoru Məhəmməd Bürcəliyev təyin olunmuşdu.

Aktyor 1955-ci ildə Əməkdar artist, 1958-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

Məhəmməd Bürcəliyev 25 noyabr 1994-cü ildə Gəncədə vəfat edib.

Mənbələr:

  1. http://anl.az/el/emb/TEATR/aktyorlar/Memmed_burceliyev.htm
  2. https://medeniyyet.az/page/news/3055/Senetin-getirdiyi-ucaliq.html?lang=ru