25.8 C
Gence
25.8 C
Gence

Gəncədə teatr mədəniyyətinin tarixi: Gəncə Dövlət Dram Teatrı

Gəncə Dövlət Dram Teatrının keçmiş binası XIX əsrin 80-ci illərində alman əsilli, Yelenendorfda (indiki Göygöl rayonu) şərab zavodlarının sahibi Xristofor Forer tərəfindən tikilmişdir. Bu bina M.A.Abbaszadə küçəsi, 54 ünvanında yerləşir. Hal-hazırda Gəncə Dövlət Dram Teatrı üçün yeni bina Gəncəçayın sağ sahilində, Əhməd Cəmil küçəsində inşa edilib.

Gəncəyə köçməmişdən əvvəl bu teatr XX əsrin əvvəllərində Bakıda yaradılmışdır. 13 noyabr 1921-ci ildə aktyor Hacıağa Abbasovun rəhbərliyi ilə “Azad Tənqid-Təbliğ Teatrı” kimi fəaliyyətə başlamışdır. 1925-1927-ci illərdə “Bakı İşçi-Kəndli Teatrı” kimi, 1927-1932-ci illərdə “Bakı Türk İşçi Teatrı” kimi fəaliyyətini davam etmişdir.

1932-ci ilin dekabr ayında bu teatrın yaradıcı kollektivi Gəncəyə köçürülürmüşdür və “Qırmızı bayraqlı Türk işçi Teatrı” kimi fəaliyyətə başlamışdır. Abbas Mirzə Şərifzadə, İsmayıl Talıblı, Ələsgər Ələkbərov, Ağasadıq Gəraybəyli, Ağahüseyn Cavadov, Kazım Ziya, Mehdi Məmmədov, Fatma Qədri, Əmir Dadaşlı, Rəmziyyə Veysəlova kimi sənət adamları Gəncəyə köçərək, öz fəaliyyətlərini burada davam etdirirlər.

1934-1990-cı illərdə teatrın adı bir neçə dəfə dəyişdirilmişdir. 1990-cı ildən isə Gəncə Dövlət Dram Teatrı adlandırılmışdır. Gəncə Dövlət Dram teatrı Türkiyənin, Ukraynanın, Gürcüstanın şəhərlərində keçirilən teatr festivallarında iştirak edib.

Gəncə teatrının səhnəsində “Ölülər” (Cəlil Məmmədquluzadə), “Od gəlini” (C.Cabbarlı), “Aslan yatağı” (M. H. Təhmasib), “İntizar” (İ. Əfəndiyev və M. Hüseyn), “Bizim şəhərli oğlan”(K. Simonov),  “İntiqam” (Z. Xəlil), “Müfəttiş” (Qoqol), “Nəsrəddin şah” (C. Cabbarlı), “Qoca” (M. Qorki), “III-Riçard” (V. Şekspir), “Antiqona” (Esxil) və s. tamaşalar göstərilmişdir.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Açıq mənbələrdən foto
Açıq mənbələrdən foto

Mənbələr:

  1. Rafiq Atakişi. Gəncə Dram teatrı. Bakı-2013.
  2. Fərrux Əhmədov. Gəncənin tarixi yaddaşı. Bakı-1998.
  3. http://azteatr.musigi-dunya.az/file?id=88&dt=48
  4. https://azertag.az/xeber/Gence_Dovlet_Dram_Teatri_uchun_yeni_bina_tikilecek-785460

Ən Çox Oxunan