9.7 C
Gence
5.5 C
Ganja

Gəncədə Türk Ədəmi-Mərkəziyyət Partiyası

Türk Ədəmi-Mərkəziyyət Partiyası 1917-ci ilin mart ayında Nəsib bəy Yusifbəylinin rəhbərliyi və başqa məsləkdaşların iştirakı ilə Gəncədə yaradılmışdır. Bu, Azərbaycanda ilk dəfə Avropa mədəni dəyərlərinə istinad məramlı partiya idi.

Partiya, federativ əsasda, Rusiyanın tərkibində Azərbaycana muxtariyyət verilməsini tələb edirdi. Firqənin əsas dayağı kəndlilər və fəhlələr idi. Partiyanın ideoloji təməli türkçülük idi.

2 aprel 1917-ci ildə, Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə, partiya Gəncədə Şah Abbas məscidinin həyətində mitinq təşkil etmişdir. Mitinqdə “Yaşasın demokratik respublika“, “Yaşasın Azərbaycan muxtariyyəti” sözləri yazılmış qırmızı bayraqlar dalğalanırdı. Bundan sonra partiyaya 500-dən çox üzv qoşuldu. Firqənin fonduna böyük məbləğdə ianə toplandı.

Partiyanın proqramı 19, 20, 24 may tarixli “Kaspi” qəzetində çap edilmişdir.

Firqə “Dövlət quruluşu” adlı bölmədə türk xalqlarına ərazi muxtariyyəti verilməsi və beynəlxalq sülhün saxlanması üçün daimi qoşunun xalq milisi ilə əvəz olunması tələb edilirdi.

“Ümummilli məsələ” adlı ikinci bölmədə Rusiya türklərinin və müsəlmanlarının mədəni, milli ittifaqının yaradılması üçün qurultay çağırılması nəzərdə tutulurdu. “Dini məsələlər” adlı üçüncü bölmədə Rusiyada olan müsəlmanların müftinin başçılığı altında birləşdirilməsi tələb edilirdi. Dördüncü bölmə vətəndaşlarının bərabər hüquqlara malik olmasını nəzərdə tuturdu.

Proqram maliyyə və iqtisadi siyasət sahəsində mütərəqqi vergi sistemini məqbul hesab edirdi. “Aqrar məsələ” bölməsində, partiya torpaq fondunun yaradılmasını nəzərdə tuturdu. Yeddinci bölmədə 8 saatlıq əmək günü, qocalığa və iş qabiliyyətini itirməyə görə dövlət sığortası kimi maddələr var idi. “Məhkəmə icrası” bölməsi məhkəmənin təsirdən və təzyiqdən azad olmasını nəzərdə tuturdu.

“Məktəb məsələsi” bölməsi xalq maarifinin təşkili və azad tədris haqqında idi. İbtidai və orta məktəblərdə, türk və rus dilləri məcburi olmaqla, çoxluğun dili, ali məktəblərdə ümumi türk dili tədris olunmalı idi.

1917-ci il iyun ayında “Türk Ədəmi-Mərkəziyyət” və “Müsavat” partiyaları birləşərək, “Türk Ədəmi-Mərkəziyyət Firqəsi-Müsavat” adı altında fəaliyyətə başlamışdır.

Mənbələr:

  1. Газ. Каспий 1917, вып. 109, 110, 112.
  2. Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı-2004.
  3. Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə quberniyasından olan dövlət xadimləri. Gəncə-2018.
  4. İ.Əliyarlı, T.Behbudov. İstiqlal fədailəri-Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər nazirləri və silahdaşları (1918-1920-ci illər). Bak-2013.
  5. Əhməd İsayev. Gəncədən ucalan yol. Gəncə-1992.
  6. https://525.az/news/169054-nesib-bey-yusifbeyli-siyasi-azerbaycan-ideyasinin-muellifi
  7. Foto: Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı-2004.

Ən Çox Oxunan