24.7 C
Gence
24.7 C
Gence

Gəncədə ipəkçiliyin tarixi

Gəncə şəhəri Böyük İpək Yolunun üzərində yerləşən şəhərlərdən biri olduğu üçün, burada ipəkçilik qədim zamanlardan inkişaf etmişdir.

X əsrdə Gəncə dünya ipək ticarətinin mərkəzinə çevrilmişdir. XI-XII əsrlərdə burada fəaliyyət göstərən ipək istehsalı müəssisələri kəmiyyət və keyfiyyətlərinə görə bütün dünyada şöhrət qazanıb. Ərəb alimi Zəkəriyyə Əl-Qazvini yazırdı: “Gəncənin ipəyi gözəllik baxımından digər ölkələrin ipəyini üstələyir“. Fransız bəstəkar Pyer Şeffer qeyd etmişdi ki, Gəncə Şərqdə böyük bir toxuculuq mərkəzi kimi tanınıb.

Gəncədə ipəklərdən bəzəkli, naxışlı, qadın baş örtükləri, çadralar istehsal olunurdu. İtalyan səyyah Marko Polo Gəncə ipəyindən belə yazırdı: “Burada ipək parçalar o qədər çoxdur ki, hətta yol kənarındakı kiçik karvansaraylarda belə çarpayılar ipək yorğanla örtülmüşdür“.

XIII əsrdə monqollar ilk dəfə Gəncəni işğal etmək istəyəndə, gəncəlilər onlara xeyli ipək verdikləri üçün, monqollar şəhəri zəbt etməmişdilər.

Keçmişdə ipəkçiliklə məşğul olana “şərbaf” deyirdilər. XVIII-XIX əsrlərdə Gəncədə “Şərbaflar” adlı məhəllə mövcud olub ki, bu da yerli ipəkçiliyin qədimliyini sübut edir. Həmin dövrdə şəhərdə ipəktoxuma sexləri var idi. 1840-cı ildə Gəncədə dörd, 1860-cı illərdə isə 12 ipəktoxuma sexi olub. Bu sexlərin hər birində doqquz usta çalışırdı, və 60-dan çox iplik maşını var idi. Gəncənin ipək parçaları Sankt-Peterburq, Paris və Berlin şəhərlərində mükafatlar almışdır.

1925-ci ildə Gəncədə ipəkqurdu yetişdirilməsi sahəsində elmi araşdırmalar aparılması üçün İpəkçilik stansiyası yaradılmışdır. 1958-ci ildən bu stansiyanın əsasında Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutu qurulmuşdur. İnstitut 1991-ci ildə 6000-ə yaxın barama istehsal edərək, rekord göstərici əldə etmişdir. Hal-hazırda, Gəncədə ipəkçiliyə maraq azdır və əvvəlki miqyasda istehsalat yoxdur.

 

Mənbələr: 

  1. Эльмира Мурадалиева. Города Кавказа на великом шелковом пути. Баку – 2011
  2. М.М.Альтман – Исторический очерк города Гянджи.
  3. Ф.М.Мамедов – Гянджа.
  4. https://525.az/news/42260-gozden-dusmus-ipekcilik
  5. http://kepeztv.az/news/id/2105
  6. https://www.advantour.com/rus/silkroad/azerbaijan.htm
  7. https://sesqazeti.az/news/analytics/565739.html
  8. https://azerhistory.com/?p=32509

Ən Çox Oxunan