Avropa tipli hamam Gəncə şəhərində, Adil İsgəndərov küçəsi, 91-də yerləşir. Bina 1888-ci ildə inşa edilib. Tikilinin layihəsi quberniyanın baş memarı İqnatiy Krjintaloviç tərəfindən hazırlanıb. Hazırda abidə 2 saylı hamam kimi tanınır və Gəncədə fəaliyyət göstərən yeganə hamamdır.
Bu hamam Krjintaloviçin hazırladığı və imperator II Aleksandr tərəfindən təsdiq olunan “Avropasayağı kvartal”ın planı çərçivəsində inşa olunduğuna görə belə adlanır. Hamam tağvari memarlıq üslubunda tikilib. XIX əsrdə inşa olunan birinci hissə 6 otaqdan ibarət olub. Daha sonra hamama tələbat artdığından 1960-cı ildə burada 10 otaqlı ikinci hissə əlavə edilib. Hamam mazutla isidilir.
Vaxt keçdikcə hamama gələnlərin sayı azalmışdır. Hamamın sahə rəisi Saleh Cəfərovun sözlərinə görə, buradan, əsasən, şəhərə tikinti-quruculuq işləri üçün gələn fəhlələr istifadə edirlər. Eyni zamanda bu gün özünə hamam şəraiti yarada bilməyən insanlar bu hamamın xidmətindən istifadə edirlər.
Hamam bu günədək əsaslı təmir edilməyib. Burada yalnız 2014-cü ildə cari təmir işləri görülüb.
Bina yerli əhəmiyyətli abidə kimi dövlət qeydiyyatına alınıb.
Mənbələr:
- Əhməd İsayev. Gəncə və gəncəlilər. Bakı-2008.
- Gəncənin maddi mədəniyyət abidələri. Bakı-2004.
- http://kepeztv.az/news/id/10553