21.4 C
Gence
20.5 C
Ganja

Gəncədə erməni və müsəlmanlar arasında baş vermiş qanlı əhvalat

4 dekabr 1905-ci ildə Gəncədə erməni-müsəlman davası gedişatında bir toqquşma baş vermişdir.

Həmin gün teleqraflarla xəbər verilir ki, Gəncəni iki gündür, od-alov bürüyüb. Lakin hadisənin təfərrüatı yox idi. Sonradan məlum olub ki, ermənilər müsəlmanları qırmaq üçün hər yana yazıb, özləri üçün kömək istəyiblər. Müsəlmanlar isə bundan xəbərsiz idi.

Ermənilər silah topladıqdan sonra başqa ərazilərdə yaşayan ermənilərdən qüvvə tələb etmişdilər. Bundan sonra şəhərə hər yandan silahlı ermənilər gəlmişdilər. Gəncədə yaşayan ermənilərə, həmçinin Qarabağdan köməyə dəstə gəlmişdi və dəstənin başında Sancan adlı biri durmuşdu.

Ermənilər davanı başlamaq üçün Gəncədə günahsız üç müsəlmanı öldürürlər. Müsəlmanlar bunu bilən kimi: “Ya Allah!”- deyib ermənilərin üstünə hücum edərək atışmağa başlayırlar. Xəbər ətrafa yayılan kimi digər bölgələrdən müsəlmanlara kömək gəlmişdi. Onların arasında Əli adlı bir cavan var idi və o, başına bir xeyli atlı toplayıb, Gəncəyə yollanmışdı. Hamı bir yerdə ermənilərin şəhərdən qaçmasına imkan verməmək üçün əvvəlcədən körpünü bağlamışdı. Bundan sonra isə ermənilərə atəş açmağa başladılar.

Bu toqquşma nəticəsində ermənilərdən xeyli adam qətlə yetirildi. Müsəlmanlardan da bir neçə nəfər şəhid olmuşdu. Hətta bir müddət sonra məlum oldu ki, Məhəmmədhəsən adlı bir molla iki nəfərlə birgə ermənilər tərəfindən harasa aparılıb, yoxa çıxmışdır.

1905-1906-cı illərdə ermənilər Bakı, İrəvan, Gəncə və Tiflis quberniyalarında dinc azərbaycanlılara qarşı kütləvi qırğınlar törədiblər. Erməni silahlı dəstələri İrəvan-Naxçıvan-Zəngəzur-Qarabağ və Qazax-Gəncə istiqamətlərində yerləşən azərbaycanlı yaşayış məskənlərinin əhalisini qətlə yetirib və onları öz torpaqlarından qovub, həmin ərazilərdə erməniləri məskunlaşdırıblar.

 

Mənbələr: 

  1. Mir Möhsün Nəvvab. 1905-1906-cı illərdə erməni-müsəlman davası. Bakı-1993.
  2. Xalq Cəbhəsi.- 2015.- 28 may.- S.13.
  3. https://iravan.preslib.az/1905-1906_qirginlar.html