25.8 C
Gence
25.8 C
Gence

Gəncədə şaha sədaqətli əsgərlərin qədim məhəlləsi

Şahsevənlər məhəlləsi Gəncənin indiki Mikayıl Müşfiq, Şahsevənlər, Ordubadi küçəsinin bir hissəsi, Cavad Xan və Nizami prospektinin müxtəlif dalanlarını əhatə edir. Bu məhəllə şəhərin qərb hissəsində XVII əsrdə salınıb.

Məhəllənin adı Şahsevən tayfasının adı ilə bağlıdır. Şahsevənlər adı I Şah Ismayıl Səfəvinin hakimiyyəti dönəmində (1501-1524-ci illərdə) yaranmışdır. “Şahsevənlər” şaha sədaqətli olan, ona xidmət edən əsgərlərə deyilirdi.

XVI-XVII əsrlərdə Şahsevənlər müxtəlif tayfa üzvləri olub, I Şah Abbas Səfəviyə xidmət edirdilər. I Şah Abbas Gəncədə güclü dayaq yaratmaq məqsədi ilə Şahsevənləri buraya köçürüb. Onlar Gəncədə oturaq həyata keçib, məhəllə salıb, burada məskunlaşırlar. Şahsevənli mərhum İsrafil baba bu haqda belə danışardı: “Şah oğlu Şah Abbas Gəncəni tutandan sonra buraya 200 şahsevən ailəsi köçürtmüşdür. Onlara otlaq yeri kimi Alməmmədlidə (Gəncənin qərb hissəsi) Dayılar yerini bağışlamışdır”.

Şahsevənlilər ilk olaraq maldarlıq, toxuçuluq və əkinçilik ilə məşğul idilər. XIX əsrin ikinci yarısında məhəllə sakinləri əsasən sənətkarlıqla məşğul olublar. Burada bıcaqçılar, məstçilər (ayaqqabı tikənlər), papaqçılar və s. kimi sənətkarlar var idi. Papaqçılardan Əli kişi, Məşədi Əli, Kərim, Camal, məstçilərdən Kar Qasım, Hilal kişi bütün Gəncədə məşhur idilər.

1880-1882-ci illərdə Şahsevənlər məhəlləsində eyni adlı məscid inşa edilib. Bu illərdə də yerli əhali məscidin həyətində qoşa Şahsevənlər kəhrizi qazıblar. Kəhriz Daş körpüdən başlayıb Gəncəbasarın Sərkar kəndində qurtarıb. Həmçinin Şahsevənlər bağlarının suvarılması üçün Qara arx istifadəyə verilib. Qara arxın bitdiyi yerə Sutökülən deyilirdi. Şahsevənlər, Toyuqçu və Qıllılar məhəllələri arasında Sutökülən qəbiristanlığı yerləşirdi.

1804-cü ilin mayında Şahsevənlər məhəlləsində 49 ev var idi, 162 nəfər yaşayırdı. 1916-cı ildə isə məhəllədə yaşayan ailələrin sayı 831-ə çatıb.

Mənbələr:

  1. Əhməd İsayev. Gəncə və gəncəlilər. Bakı-2008.
  2. Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı-1998.
  3. https://www.youtube.com/watch?v=8DmY2zE5vLY&t=705s
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan