25.4 C
Gence
18.5 C
Ganja

Gəncədə aşkar edilən ərəblərin dövrünə aid xəzinə

Azərbaycan numizmatikasının tədqiqatçısı Yevgeniy Paxomovun araşdırmalarına görə, 1929-cu ilə qədər Zaqafqaziya ərazisində VII-VIII əsrlərə aid ərəb sikkələrinin cəmi 3 dəfinəsi aşkar edilmişdir. 1929-cu ildə belə nadir xəzinələrdən biri Gəncədə tapılmışdı.

Bu sikkələri Paxomov xəzinəni aşkar edən yerli tacirdən əldə etmişdi. 187 ədəd sikkə arasında Əməvi və Abbasi dirhəmləri var idi. Sikkələrin zərb tarixi hicri təqviminin 80-155-ci (miladi 699-772) illərinə təsadüf edir. Bu, xəzinənin VIII əsrdə dəfn edildiyini göstərirdi.

Sikkələrin əksəriyyəti – 83 ədədi Vasitdə (İraq), 22-si Dəməşqdə (Suriya) zərb edilmişdir. Burada uzaq ərazilərdən də sikkələr var idi: Mərvdən (Türkmənistan) 5 ədəd, Şimali Afrikadan 1 ədəd, İspaniyadan 3 ədəd və s. Yerli Zaqafqaziya sikkələrinin sayı yalnız 21 ədəd təşkil edirdi. Tədqiqatçıların fikrinə görə, bu, ərəblərin VIII əsrin əvvəllərinə qədər zəbt etdikləri ərazilərdə, o cümlədən Azərbaycanda sikkə zərbinə icazə vermədiyini göstərir.

Araşdırmalar göstərib ki, sikkələr, demək olar ki, istifadə olunmayıb. Paxomovun gəldiyi nəticəyə görə, sikkələrin sahibi tacir deyil, kapitalını çətin günlərə saxlayan adi sakin olub. O, Suriya və Mesopotamiyanın müxtəlif bölgələrinə köçərək əmanətlərini artırıb. Daha sonra Zaqafqaziya ərazisində məskunlaşan sakin Əməvi-Abbasi müharibəsi ilə qarşılaşıb. Müharibələrdən sonra yenidən ehtiyatlarını Arandan bir neçə yerli sikkə ilə artırıb. Təxminən 772-ci ildə xəzinə sahibi tərəfindən Gəncə ərazisində basdırılıb və 12 əsrdən sonra toxunulmaz vəziyyətdə günümüzə qədər gəlib çıxıb.

Mənbələr:

  1. Пахомов Е.А. Ганджинский клад 1929 г. и переломный момент арабской торговли в Закавказье // в кн.: Академику Н.Я. Марру. XLV.  Москва-Ленинград- 1935. ― С. 737–747.
  2. https://azerhistory.com/?p=17320