24.8 C
Gence
24.8 C
Gence

Gəncədə 19 ispan pilotunun məzarı

Gəncədə “Yeni Səbiskar” qəbiristanlığında yerləşən “Fəxri Xiyaban”da 19 qəbir var. Bu məzarlar ispan pilotlarına aiddir.

1936-cı ildə İspaniyada başlayan vətəndaş müharibəsi zamanı, SSRİ respublikaçıları dəstəkləyirdi. Sovet ölkələrində onlar üçün hərbi hazırlıq məktəbləri açılırdı. 1937-ci ildə ispan kursantlarının yetişdirilməsi üçün Gəncədə 20 saylı Hərbi Pilot Məktəbi açılmışdır. Məktəbin inşasına İspan hökuməti tərəfindən 3,5 milyon rubla yaxın məbləğ ayrılmışdır. Burada fevral ayının 1-dən 193 ispan kursant Sovet İttifaqı Qəhrəmanı Ernest Şaxtanın nəzarəti ilə təlimlərə başlamışdır.

Kursantlara Gəncədə 5-6 ay pilotçuluqdan xüsusi biliklər öyrədilirdi və təlimlər keçirilirdi. Sovet hərbi pilot məktəblərində təhsil alan 700-dən artıq ispan kursantın, 500-dən çoxu Gəncədə təhsil alıb.

Deyilənə görə, burada dəfn olunan 19 pilot ağır təlimlərdə vəfat edib. Belə hadisələrin biri haqda kursant Fernando Eskamilyanın xatirə dəftərində yazıb: “1938-ci ilin iyun ayı idi. Kursant Xulian De La Rossa ukraynalı təlimatçı Derkaç ilə..təlim keçirdi…təyyarə onlar tərəfindən yerə endirilməli idi. Elə bu vaxt…təyyarə alışıb yanmağa başladı. Təlimatçı kursanta dərhal paraşütlə tullanmaq əmri verdi. Kursant əmri eşitsə də, yerindəcə donub qaldı…Nəhayət, təlimatçının təhriki ilə kursant paraşütlə tullandı. Xulian De La Rossa həyatını təlimatçının sayəsində xilas etmiş oldu. Təlimatçı Derkaç isə hadisədən sağ çıxmadı“.

Qəbirlər aypara formasında düzülüb və kompleksin baş tərəfində “Xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş ispan və sovet təyyarəçiləri” sözləri yazılan lövhə yerləşir.

Gəncə şəhər sakini, 98 yaşlı Tofiq Hüseynov ispaniyalı pilotlarla birgə oxuyub və bildirib ki, ispanlar indiki 30 nömrəli məktəbdə məskunlaşmışdırlar: “İspan pilotlarla…Hərbi Pilot məktəbində…tanış olmuşdum. Çox mehriban və qayğıkeş insanlar idilər.Gəncə şəhərində gəzintidə olan zaman qarşılarına çıxan uşaqlara hədiyyə alır, öz forma və papaqlarını, kitablarını hədiyyə edirdilər…”.

Gəncə şəhər 30 saylı orta məktəbdə “İspan təyyarəçilərin xatirə muzeyi” var. Burada fotosənədlər, kursantların və təlimatçıların hərbi geyimləri, təyyarə modelləri, həmçinin onlardan bəhs edən qəzet yazıları var.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Mənbələr:

  1. https://www.yenigence.com/g%C9%99nc%C9%99d%C9%99-d%C9%99fn-olunan-ispan-pilotlar/
  2. https://www.youtube.com/watch?v=_hvzRNrphK4
  3. http://www.dia.az/8/221950-sovet-semasinda-can-veren-gencede-defn-edilen-ispanlar.html
  4. https://gancapost.info/az/article/281/ispanlar-g-nc-y-n-ucun-g-lmisdil-r-arasdirma

Ən Çox Oxunan