25.4 C
Gence
18.5 C
Ganja

Gəncə bəylərbəylərinin Nadir xanın şah olmasına qarşı çıxmaları

1736-cı ildə Səfəvilər dövlətinin süqutundan sonra Nadir xan özünü şah elan etməsi üçün Muğan qurultayını cağırır. Qurultayda 100 minə yaxın adam toplanır. Fevralın 14-də Muğan düzünə toplaşanlar Ramazan bayramını qeyd edirlər. Səhəri gün qurultayda tərəfdarlarının çoxluğuna nail olan Nadir xan şah elan olunur.

Nadir xan Səfəvilər dövlətinə rəhbərlik etsə də, qanuni dövlət rəhbəri hesab olunmurdu. Buna görə qurultayda iştirak edənlər arasında Nadir xanın şah elan olunmasına qarşı çıxanlar var idi. Qacar Ziyadoğlular soyundan olan Gəncə bəylərbəyləri, yəni Gəncə xanları belələrindən idilər. Bundan başqa, Qarabağın Cavanşir, Otuz iki, Kəbirli tayfalarının başçıları da Nadirə qarşı idilər.

Gəncə bəylərbəyləri səlahiyyətli sərdarlar olublar. Onlar 200 ilə yaxın Gəncə şəhəri də daxil olmaqla Gürcüstandakı “Sınıq körpü”dən (Qırmızı körpü) Xudafərin körpüsünə kimi uzanan torpaqları idarə edirdilər. Hətta bəzən Gəncə bəylərbəylərinin hökmranlığı Tiflis sahəsinə də keçərdi və oranın bütün əhalisi onların hökmünə tabe olardı.

Ziyadoğlular Muğan qurultayında Səfəvilər sülaləsindən başqa şah olmaması üçün çalışırdılar. Lakin onların bütün fikirlərini Nadir şaha çatdırırlar. Artıq bundan xəbər tutan Nadir şah Ziyadoğluları cəzalandırmaq üçün onların idarəsinə daxil olan Qazax və Borçalı ellərini Gürcüstan valisinin hökmünə tabe edir. O, həmçinin Gəncə bəylərbəylərinin arxa-dayağı olan Cavanşir, Otuz iki, Kəbirli tayfalarının başçılarını ailələri ilə birlikdə Xorasana sürgün edir. Bundan başqa, Nadir Gəncə-Qarabağ bəylərbəyinə tabe olan Vərəndə, Crabert, Gülüstan, Dizak və Xaçın kimi xristian məliklərini bəylərbəylik tabeliyindən çıxarıb, birbaşa şah idarəçiliyinə qatır.

Bu haqda tarixçi Mizə Adıgözəl bəy belə yazırdı: “Beləliklə, Gəncə xanlarının ixtiyarları tamamilə əllərindən çıxdı. Səlahiyyətləri alındığından, qol-qanadları sındı və çox pərişan oldular.

1747-ci ildə Nadir şahın ölümündən sonra Ziyadoğlular Gəncə xanlığını yaradıb, idarə etməyə başlayırlar.

Mənbələr:

  1. Ədalət Tahirzadə. Nadir şah Əfşar. Bakı-2005.
  2. Yaqub Mahmudov, Kərim Şükürov. Qarabağ: real tarix, faktlar, sənədlər. Bakı, 2005.
  3. Qarabağnamələr. I kitab. Bakı-2006.
  4. Məhərrəm Zülfüqarlı. Azərbaycan tarixinə yeni baxış. Bakı-2007.
  5. Mehman Süleymanov. Nadir şah. Tehran-2010.
  6. Azərbaycan Nadir şah imperiyasının tərkibində (1736–1747)