22.5 C
Gence
22.5 C
Gence

“Gəncə” adının mənşəyi

“Gəncə” sözünün yaranması haqqında müxtəlif fıkirlər mövcuddur.

Bəzi tədqiqatçılar “Gəncə” sözünün kökünün fars (pəhləvi) dilindəki “gaznaka” (xəzinə, dəfinə, məhsul saxlanılan yer) sözündən yarandığını bildirirlər. Gəncənin xəzinə adlanması onun qədimdən əlverişli coğrafi-strateji şəraiti və karvan yollarının üstündə yerləşməsi ilə bağlıdır.

Gəncə hər zaman regionun mərkəzi kimi tanınırdı. Qonşu bölgələrdən bura məhsullar gətirilirdi. Ərəb coğrafiyaşünasları Gəncənin ərzaqla zəngin olduğunu qeyd edirdilər. Coğrafiyaşünas Həmdullah Qəzvini yazırdı: “Xəzinələri ilə dolu Gəncə“.

“Gəncə” sözünün qədim türk mənşəli tayfaların adları ilə bağlı olduğunu da deyirlər. Gəncə haqqında kitabın müəllifi F.M.Məmmədov, “Gəncə” adını “genceki” tayfası ilə əlaqələndirir. Professor Əsgər Zahidov isə “Azərbaycanın bəzi toponimləri” kitabında şəhərin adını həmin ərazidə yaşamış, gəncək-gəncə qəbiləsi ilə bağlayır.

Fərrux Əhmədovun “Gəncənin tarixi yaddaşı” kitabında qeyd olunur ki, qədimdə şəhər Gəncə yox, “Qanca” (və ya Kancə) adlanmışdır. Bu sözün ilk komponenti “qan”, “kan”, “kaan”, “xan” bir sıra türk dillərində hakim, sərkərdə deməkdir. Sözün ikinci hissəsi olan “ca” (ca, ça, çə) tarixi Azərbaycanın ərazisində yer, yurd deməkdir. “Qanca”, “Kancə” sözləri “xan yeri”, “xan yurdu” anlamı verdiyini yazmışdır.

“Gəncə”nin etimologiyası ilə bağlı digər fikir isə, sözün “gen yeri” (geniş yer), “açıq yer” anlamına gəlməsidir. Gəncəyə aid əfsanələrin birinə inansaq, bu adın azərbaycan sözü olduğunu da iddia etmək olar. Əfsanədə deyilir ki, hansısa hökmdar Gəncə şəhərinin ərazisinə gələndə, bir çoban ona demişdi ki, bura gencə yerdir, yəni açıq bir yerdir və burada şəhər tikilsə yaxşı olar.

Mənbələr:

  1. Fərrux Əhmədov. Gəncənin tarixi yaddaşı. Bakı-1998
  2. Əsgər Zahidov. Azərbaycanın bəzi toponimləri. Gəncə-1995
  3. М. М. Альтман. Исторический очерк города Гянджа. Баку-1949
  4. Əhməd İsayev. Gəncə və Gəncəlilər. Bakı-2008
  5. Ф.М.Мамедов. Гянджа. Баку-1998

Ən Çox Oxunan