Mübubət İbrahimxəlil qızı Məmmədova 31 dekabr 1927-ci ildə Gəncə şəhərində dülgər ailəsində anadan olub.
Mübubət yeddinci sinifdə oxuyanda teatr tamaşası hazırlanır və o, ilk dəfə səhnəyə çıxıb “Küçələrə su səpmişəm” mahnısını ifa edir. Erkən yaşlarından ailə quran sənətkar yoldaşı ilə 1946-1947-ci illərdə Ağdama köçür. 1949-cu ildə ailə Bakıya gəlir. Məmmədova burada feldşer-mama məktəbində təhsil alır. Bu zaman o artıq mahnı bəstələməyə başlayır və Xalq Yaradıcılıq Evində nota köçürür.
Radioya mahnılarını yazdırmağa gedən Məmmədova tar ifaçısı Ramiz Firuddinbəylinin müşayiəti ilə radionun bədii rəhbəri Süleyman Ələsgərov və bəstəkar Səid Rüstəmovun qarşısında “Bayatı-kürd” muğamını ifa edir. Bundan sonra, 1960-cı ildə o, 12 nömrəli musiqi məktəbinə daxil olur. 1963-cü ildə Məmmədova Azərbaycan Dövlət Filarmoniyasında müğənnilərin müsabiqəsində iştirak edir. Burada onun səsi münsiflər heyətinə daxil olan Xan Şuşinski tərəfindən bəyənilir və Mübubət filarmoniyaya müğənni kimi qəbul olunur.
1967-ci ildə tarzən Əhsən Dadaşovun ansamblının müşayiəti ilə Mübubət Məmmədovanın ifasında “Orta Mahur” muğamı yazılır. Sənətkarın ifasında yazılan “Qatar təsnifi”, “Dilkeş təsnifi”, “Üç Telli Durna”, “Yaxan düymələ”, “O sürməli gözlərin”, “Kəndimizə gələn qız”, “Ay bülbüllər” mahnıları Azərbaycan radiosunun qızıl fondunda saxlanılır.
Mübubət Məmmədova 20 iyul 2005-ci ildə Bakıda vəfat edib və Qaraçuxur qəbiristanlığında dəfn olunub.