24.3 C
Gence
23.5 C
Ganja

Faciəvi tarixi olan “Mən ki gözəl deyildim” filmi

“Mən ki gözəl deyildim” bədii filmi 1968-ci ildə yazıçı Bayram Bayramovun eyniadlı povesti əsasında çəkilib. Ekran əsərinin quruluşçu rejissorları Tofiq Tağızadə, Ağarza Quliyev, Ramiz Əsgərov, bəstəkarı Fikrət Əmirov, operatoru Aleksey Polkanov, rəssamı Kamil Nəcəfzadədir. Bir çox çəkilişlər Daşkəsən rayonunun Bayan kəndində, həmçinin Gəncədə, Lənkəranda aparılıb.

Filmdə hadisələr İkinci Dünya müharibəsi illərini (1939-1945) əhatə edir. Baş qəhrəman dağ kəndlərindən birində yaşayan 15 yaşlı Səidədir. O, anasını itirib, müharibə başlayanda isə atasını cəbhəyə yola salır. Ekran əsərində, həmçinin arxa cəbhədəki insanların məişəti və dövrün mühiti göstərilir.

Əmisi Qurbanın himayəsində yaşayan Səidəyə hər kəs uşaq kimi yanaşır. Əhvalatın əvvəlində poçtalyon Şərif sərt gerçəyə hazır olmayan Səidəyə atasının ölüm xəbərini demir. Səidə poçtalyon işləyəndə böyüyür və güclənir. Onun bu xəbərə hazır olduğunu görən Şərif həqiqəti deyir.

Səidənin atasının ölüm xəbərini aldığı səhnə alınmırdı. Buna görə rejissor aktrisaya bacarıqsız olduğunu, Səidənin taleyini yaşaya bilmədiyini deməklə onu ağladır və beləliklə, səhnə alınır.

Çəkilişin 13-cü günü, Dneprin alınması səhnəsi Lənkəranda lentə alınırdı. Həmin vaxt çaya iki qayıq buraxıldı. Birində aktyorlar, digərində çəkilişin texniki heyəti idi. Partlayış səhnəsində pirotexnik ehtiyatsızlığından həqiqi partlayış baş verir. Nəticədə rejissor Ramiz Əsgərov, operator və iki kino işçisi həlak olur. Yaradıcı heyətin bir qismi ekran əsərindən imtina edir. Sonradan filmə başqa heyət cəlb olunur.

Filmə Xuraman Qasımova (Səidə), İsmayıl Osmanlı (Şərif), Sadıq Hüseynov (Qurban) gəncəli aktyorlar Şahmar Ələkbərov (Məzahir), Ələddin Abbasov (İmran) və digərləri çəkiliblər.

Xuraman Qasımovanın ekran əsərinə çəkilən zaman 16 yaşı var idi. O, Gəncəyə çəkilişə anası ilə gəlmişdi və 3-4 ay burada qalası olmuşdu. Anası aktrisanın dərslərdən geri qalmaması üçün onu Gəncədə məktəbə yazdırmışdı.

Film müharibə mövzusunda çəkilən ən yaxşı ekran əsərləri sırasına daxil edilib. 1969-cu ildə Kiyevdə kinofestivalda Xuraman Qasımova “Qadın rolunun ən yaxşı ifası”na görə birinci yerə layiq görülüb.

 

Mənbələr:

  1. https://medeniyyet.az/page/news/45169/Men–ki–gozel–deyildim.html
  2. https://axsam.az/news/89947-liftci-qiz-filmine-cekilende-6ci-sinifde-oxuyurdum-xuraman-qasimova
  3. https://news.milli.az/interest/856292.html