16.4 C
Gence
16.4 C
Gence

Faşizm üzərində qələbənin şərəfinə inşa edilən Qələbə parkı

Qələbə parkı Gəncənin Ələkbər bəy Rəfibəyli küçəsində yerləşir. Bu park 1985-ci ildə SSRİ-nin Böyük Vətən müharibəsində (1941-1945) faşizm üzərində qələbənin 40 illiyi şərəfinə yaradılıb. Əvvəllər istirahət parkı Yağ-Piy kombinatının balansında olub.

Parkda iki böyük daş yerləşir. Onların birinin üzərində Azərbaycan və rus dillərində parkın yaranması haqda yazılıb. Digər daşın üzərində isə “Qələbə. 1941-1945” sözləri həkk edilib.

1995-ci ildə qələbənin 50 illiyi münasibətilə parkda təmir işləri aparılıb. Sonralar isə park baxımsız vəziyyətə düşüb. 2020-ci ilin sentyabr ayında burada abadlaşdırılma işləri görülüb. Parkda 500 ədəd mövsümi bitkilərin əkini həyata keçirilib. Ərazidə uşaqlar üçün yelləncəklər və ministadion quraşdırılıb.

11 oktyabr 2020-ci ildə, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusu tərəfindən Qələbə parkının ətrafında yerləşən çoxmənzilli yaşayış binalarına “Skad-B” raketləri atılmışdır. Bu terror nəticəsində 10 nəfər həlak olmuşdur, 33 nəfər isə yaralanmışdır. Parkın bir hissəsi isə yararsız vəziyyətə düşmüşdür. Hazırda park fəaliyyət göstərir.

1941-1945-ci illlərdə Gəncədə 25 643 nəfər əsgər, 731 nəfər zabit ordu sıralarına səfərbər olmuşdur. İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov, Sovet İttifaqı Qəhrəmanı Müseyib Bağırov və başqaları bu müharibənin iştirakçıları olublar.

Mənbələr:

  1. Olaylar. -2010. – 8-11 may. – S.5.
  2. Gəncə haqqında ilk jurnal. №11. Gəncə – 2008.
  3. https://www.youtube.com/watch?v=9UqwiC3lJKI
  4. https://gancapost.info/az/article/1937/dusm-nin-g-nc-y-raket-z-rb-si-n-tic-sind-binaya-ziyan-d-yib/
  5. https://www.yenigence.com/g%C9%99nc%C9%99d%C9%99-abadliq-isl%C9%99ri-davam-edir/

 

Ən Çox Oxunan