Birinci Qarabağ müharibəsi zamanı, 29 iyun 1992-ci ildə indiki Tərtər rayonunun Həsənqaya kəndi istiqamətində Gəncə özünümüdafiə batalyonunun 1-ci bölməsi, kəşfiyyat qrupu komandiri Mehman Ələkbərovun rəhbərliyi və Tərtər ərazi özünümüdafiə batalyonunun iştirakı ilə ermənilərə qarşı əməliyyat həyata keçirilir. Həsənqaya əməliyyatı nəticəsində ermənilərdən təşkil olunmuş millətçi paramilitarist qruplaşma olan “Arabo” batalyonu məhv edilir.
“Arabo” batalyonu Livan, Fələstin, Suriya, Fransadan gəlmiş erməni millətçilər və sovet ordusunda xidmət etmiş döyüşçülərdən ibarət idi. Bu batalyon 1992-ci ildə Qaradağlı, Xocalı və Ağdaban soyqırımını törədən qüvvələrdən biri idi.
25 iyun 1992-ci ildə Tərtərin Qızıloba kəndi əks-hücumla “Arabo” batalyonu, onun komandiri Manvel Yeğiazaryan və digər qüvvələr tərəfindən ələ keçirilir. Lakin 27-28 iyunda onlar sıxışdırılaraq oradan çıxarılır. Buna baxmayaraq, ermənilər növbəti əməliyyat planı hazırlayırlar. Yeğiazaryan Qızılobadan çıxan “Arabo” və digər dəstələrə tapşırıq verir. Əməliyyat planına əsasən, erməni qruplaşmaları üç hissəyə bölünərək Tərtərin Şıxarx qəsəbəsi, Həsənqaya və Çaylı kəndlərini işğal etməli idi. Döyüş tapşırığına görə, “Arabo” batalyonu Həsənqaya kəndi yaxınlığında gizli mövqe tutub Şıxarx və Çaylının işğalı zamanı müdafiə xəttini təmin etməli idi.
29 iyun 1992-ci ildə Gəncə batalyonunun komandiri Mehman Ələkbərova kəşfiyyat tağım komandiri Vaqif Həmidovdan Həsənqayaya tərəf erməni silahlı qüvvələrinin gəlməsi məlumatı verilir. Mehman Ələkbərov kəşfiyyata kəndin qırağındakı əkin sahəsində mövqe tutmaq əmrini verir. Özü isə həyəcan siqnalı qaldırır və bütün qüvvələrlə Həsənqayaya tərəf hərəkətə başlayır.
Bir neçə saat davam edən döyüş nəticəsində “Arabo” batalyonunun müxtəlif mənbələrə görə 120-170-ə yaxın canlı qüvvəsi məhv edilir. Yeğiazaryan və 3 nəfər qaçır. Bu döyüşdə qüvvələrimiz itki vermir.
“Arabo” uzun müddət Ermənistanda itkin hesab edilib. 2008-ci ildə “Youtube”da batalyon üzvlərinin cəsədlərinin əks olunduğu kadrların yayılmasından sonra erməni ictimaiyyəti “Arabo”nun taleyindən xəbər tutur. Batalyonun məhvi ilə əlaqədar Ermənistanda 3 günlük matəm elan olunub.
View this post on Instagram
Mənbələr:
- Şöhrət Səlimbəyli. Son kəşfiyyat, son döyüş. Qəhrəman döyüşçü Araz Pirimovun həyatından ştrixlər. Bakı.-2019.
- https://modern.az/az/news/296447/ermenilerin-arabo-batalyonunun-mehv-edilmesinden-29-il-otur
- https://modern.az/az/news/97748
- https://gancapost.info/az/article/302/g-nc-i-qarabag-muharib-sind/
- https://azlogos.eu/agd%C9%99r%C9%99-%C9%99m%C9%99liyyati/
- https://www.youtube.com/watch?v=h0gy3MeYouI