25.4 C
Gence
18.5 C
Ganja

Erməni daşnaklarına “qan udduran” gəncəli əsgər: Məmməd Ağpolad

Məmməd bəy Rzayev (Ağpolad) 1897-ci ildə Gəncənin İmamlı məhəlləsində anadan olub.

O, 1914-cü ildə Gəncə şəhər məktəbini bitirib, Tiflisdə mühəndislik məktəbinə daxil olub. Məmməd 1917-ci ildə Oktyabr inqilabı zamanı könüllü hərbi xidmətə yollanıb. Rzayev 1918-ci ilin may ayında Gəncədə açılan hərbi məktəbə daxil olub və sonra 1-ci topçu tuqay divizyonuna təyin edilib.

O, Qarabağda və Zəngəzurda dinc əhaliyə qarşı qırğınlar törədən erməni daşnaklarına qarşı Laçın və Xanlıq kəndi istiqamətində gedən döyüşlərdə iştirak edir. Məmməd Rzayevi erməni daşnaklarına “qan udduran” əsgər adlandırıblar. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə 22 mart 1919-cu ildə kiçik leytenant rütbəsinə yüksəlib, tağım komandiri vəzifəsinə təyin olunub. Cümhurriyət ordusu yaranandan sonra isə o, batareya komandiri təyin olunub.

21 mart 1920-ci ildə erməni-daşnak qüvvələri Əsgəranı ələ keçirdilər. 26 mart Cümhuriyyət ordusu Əsgəran istiqamətində hücuma başlayır və Məmməd Rzayev komandiri olduğu topçu batareyası ilə bu döyüşlərdə iştirak edir.

Məmməd Sovet hökumətinə qarşı başlayan Gəncə və Qarabağ üsyanlarında iştirak edib. Üsyanlar yatırıldıqdan sonra o, sağ qalan əsgərlərlə döyüşərək İrana, sonra isə Türkiyəyə keçib. Onlar Ərzuruma daxil olub, Azərbaycanın hərbi birliyinə qatılıblar. Rzayev Türkiyədə 1200 nəfərlik Azərbaycan birliyi, Şərq ordusunun sıralarına qəbul olunub.

Məmməd bəy 1920-ci ildə Türkiyədə Qurtuluş savaşına qoşulur. O, Şərqi Anadolunun ermənilərdən qurtarılmasında, Sarıqamışın, Qarsın, Gümrünün geri alınmasında iştirak edib. Bu doyüşlərdən sonra Rzayev Mustafa Kamal Atatürk tərəfindən təltif olunub.

O, Türkiyədə “Ağpolad” soyadını götürür. Məmməd Ağpolad İstanbulda Hərbi məktəbə daxil olub. O, Türkiyə ordusunda xidmətinə görə 1949-cu ildə polkovnik (albay) rütbəsinə yüksəlib, Diyarbəkirdə Təftiş Komissiyasının başqanı təyin edilib. 1950-ci ildə infarkt keçirəndən sonra təqaüdə çıxıb.

Məmməd Ağpolad ölümündən əvvəl vəsiyyətnaməsində belə yazıb: “…Əcnəbi bir məmləkətdə ölsəm də, oradakı İslam məzarlıqlarından birində dəfn edilməyə razıyam…”. Məmməd Ağpolad 7 yanvar 1975-ci ildə vəfat edib və Ankarada, Cebeci Şəhidlər xiyabanında dəfn edilib.

Mənbələr: 

  1. Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə quberniyasından olan dövlət xadimləri. Gəncə-2018.
  2. https://www.qlobal.az/turkiye-ordusunun-azerbaycanli-polkovniki-arasdirma/#.YYTEXhyn2Uk
  3. https://www.youtube.com/watch?v=xwGV50xuGAM
  4. https://interposta.info/muxtelif/27788-gncd-baslayib-ankarada-bitn-bir-omrun-hekaysi-polkovnik-mmmd-agpolad.html