25.4 C
Gence
18.5 C
Ganja

Dilbərə həsr edilmiş şeirə bəstələnən mahnının tarixi

18 sentyabr – dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günüdür. Bu tarix 1995-ci ildən Milli Musiqi Günü kimi qeyd edilir. Musiqi Günü ilə bağlı Gencexeber.az sizə gəncəli bəstəkar Ələkbər Tağıyevin bəstələdiyi “Sənə qurban” mahnısının tarixi haqqında material hazırlayıb.

“Sənə qurban” mahnısı şair Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadəyə həsr etdiyi şeirin sözlərinə bəstələnib. Şeirin ərsəyə gəlməsi haqda Dilbər öz “Müşfiqli günlərim” kitabında məlumat verib:

1931-ci ilin axırıncı ayı idi. Mən imtahana hazırlaşdığım üçün Müşfiqlə az-az görüşürdüm…görüşlərin birində ona Gəncəyə gedəcəyimi bildirdim…Elə ordaca “Ayrılıq” şeirini dedi…Mən dedim:

-İstəyirsən, heç getməyim, daha bundan ötrü niyə belə narahat olursan?

Müşfiq yenə də şeirlə cavab verir: 

Deyirsən, yanında qalacağam mən,

Çox gözəl fikirdir, qal, sənə qurban.

Nə zaman istəsən, əziz canımı

Qumral gözlərinlə al, sənə qurban.

Gəlmiş hüzuruna bir qara dağlı,

Bir qara qulundur, qolları bağlı,

Gəl çəkmə könlümə sən hicran dağı,

Gümüş topuğunda xal, sənə qurban. 

-Ay Müşfiq, bu gözəl şeirdir. Bəs o qara qul sözü nədir? Heç sənin kimi vüqarlı şairə də qul sözü yaraşarmı?

-Mən öz məhəbbətimin qulu olmağımdan fəxr edirəm.

Müşfiqin ölümündən 30 il sonra, 1968-ci ildə şeirin sözlərinə yazılan mahnı ilk dəfə muğənni Zeynəb Xanlarovanın ifasında səslənir. Mahnı Zeynəb Xanlarova tərəfindən bir çox Yaxın Şərq ölkələrində verilmiş konsertlər zamanı ifa edilir. Sonralar mahnı müxtəlif ölkələrdən olan müğənnilər tərəfindən yunan, ərəb, türk və erməni dillərində ifa edilmişdir. Hətta ermənilər musiqinin onlara məxsus olduğunu deyiblər. 2012-ci ildə Ələkbər Tağıyevin bəstələdiyi bu musiqi Suriyada vətəndaş müharibəsi zamanı etirazçıların azadlıq himninə çevrilir. 2017-ci ildə isə mahnının musiqisi Türkiyədə referendum ərəfəsində Cümhuriyyət Xalq Partiyasının (CHP) təbliğat videosunda istifadə olunur. 

Mənbələr:

  1. Axundzadə Dilbər: Müşfiqli günlərim. Bakı-2005
  2. https://www.bbc.com/azeri/multimedia/2012/08/120803_qal_sene_gurban
  3. http://istipress.com/siyaset/17-03-2017/turkiye-partiyasi-zeyneb-xanlarovanin-mahnisini-ogurladi-video 
  4. https://apa.az/az/xeber/medeniyyet-siyaseti/xeber_muellif_huquqlari_agentliyi_____sene_qurba_-344462