19.7 C
Gence
19.7 C
Gence

Dövrünün tanınmış ustası, şair Mirzə Mehdi Naci

Mirzə Mehdi Naci 1805-ci ildə Gəncədə anadan olub. O, Mirzə Şəfi Vazehin nəslindən olub.

Mirzə Mehdi dövrünün tanınmış şairi olub. O, Azərbaycanda qurulan ilk ədəbi məclislərdən biri – “Divani-hikmət”in fəal üzvlərindən idi. AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılan sənədlərdə şairin Azərbaycan və fars dillərində yazılmış qəzəl, müxəmməs, təxmis, mürəbbe, həcvləri saxlanılır. Mirzə Mehdinin əsərləri məhəbbət, ictimai mövzulara həsr olunub.

Naci Qarabağ, Şəki, Qazax, Şamaxı şairləri ilə yaxından əlaqə saxlamış, tez-tez onlarla məktublaşmışdır. Şair Tiflis və İrəvanda olmuş və şeirlərinin bir qismini orada yazmışdır. Azərbaycanın başqa bölgələrindən Gəncəyə gələn şairlər, alimlər, xarici ölkələrdən səyyahlar Naciyə qonaq olardılar.

Mirzə Mehdi bəzən şeirlərini “Təbib” təxəllüsü ilə də yazarmış. Bunun səbəbi şairin xalq təbabətini gözəl bilən həkim olmasıdır. Nacinin əlyazmalarından aydın olur ki, onun xüsusi həkimxanası olub və o, vaxtının çox hissəsini burada keçirib. Mirzə Mehdi xəstələri burada müəlicə edərdi, onlara pulsuz dərman verərdi. Naci təbib kimi təkcə Gəncədə yox, onun ətraf kəndlərində, hətta Qarabağ və Şəmşəddil mahallarında məşhur olub. Bəzən Nacini həmin mahallara xəstə yanına də aparardılar.

Mirzə Mehdi, həmçinin dövrünün tanınmış həkkak-xəttatı olmuşdur. Onun hazırladığı ornamentli qəbir daşları indi də Gəncə qəbiristanlığında qalmaqdadır. Usta daşların üzərində tez-tez Ömər Xəyyamın fəlsəfi rübailəri və şeirlərini həkk edərdi.

Mirzə Mehdi Naci 1882-ci (aprel 1883) ildə Gəncədə vəfat etmiş, şəhərin İmamzadə qəbiristanlığında, hələ sağlığında hazırladığı məqbərədə dəfn edilmişdir.

Mənbələr:

  1. Nəsrəddin Qarayev. XIX əsr Azərbaycan ədəbi məclisləri. Bakı-2012.
  2. Firidun Bəy Köçərli. Azərbaycan Ədəbiyyatı, II cild. Bakı-2005.
  3. Əhməd İsayev. Gəncə və gəncəlilər. Bakı-2008.

Ən Çox Oxunan