21.4 C
Gence
21.4 C
Gence

Dünyaca tanınmış şair: Nizami Gəncəvi

Şair Nizami Gəncəvi 1141-ci ildə Gəncədə anadan olub. Şairin adı – “İlyas”, “Nizami Gəncəvi” isə onun təxəllüsü idi. “Nizami adının mənası “nizam verən, qaydaya salan” deməkdir.

1991-ci il UNESCO tərəfindən “Nizami ili” elan edilib. 2021-ci il isə Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilib.

Nizami Gəncəvi dünya ədəbiyyatnda ilk “Xəmsə” (“Beşlik”) şəkilli bədii yaradıcılıq nümunəsinin müəllifidir. Onun əsərləri dünyanın bir çox dillərinə tərcümə edilib. Nizami Gəncəviyə İtaliyanın Roma, Rusiyanın Moskva, Sankt-Peterburq və Çeboksarı, Çinin Pekin, Moldovanın Kişinyov, Özbəkistanın Daşkənd və Ukraynanın Xarkov şəhərlərində abidələr ucaldılıb. Böyük Britaniyanın Oksford Universitetində Nizami Gəncəvi Mərkəzi fəaliyyət göstərir.

Nizami Gəncə mədrəsəsində təhsil alıb və həyatını əsasən burada keçirib. O, fəlsəfə, tibb, həndəsə, astronomiya elmlərini bilib və bunlarla yanaşı yunan, ərəb, fars mədəniyyəti ilə, Qafqaz xalqlarının tarixini öyrənib.

1172‐ci ildə Dərbənd һakimi şairə hədiyyə olaraq, qıpcaq qızı Afaqı göndərir. Biraz sonra onlar ailə həyatı qururlar və oğlulları, Məhəmməd dünyaya gəlir. Həmçinin Atabəylər dövlətinin hökmdarı Qızıl Arslan, Gəncə yaxınlığında Nizami Gəncəvi ilə görüşüb, ona Həmdünyan adlı bir kənd bağışlamışdır.

1177-ci ildə bitirdiyi “Sirlər xəzinəsi” adlı ilk poeması Nizamiyə şöhrət qazandırıb. Daha sonra o, 1180-ci ildə “Xosrov və Şirin” poemasını yazıb. 1188-ci ildə Şirvan hökmdarı I Axsitanın sifarişi ilə “Leyli və Məcnun” poemasını yaradıb. 1196-cı ildə Ələddin Körpə Arslanın adına “Yeddi gözəl” əsərini, sonra isə “İsgəndərnamə” poemasını qələmə alıb.

Bu beş poemadan başqa Nizami altı qəsidənin, 116 qəzəlin, iki qitənin və 30 rübainin yaradıcısıdır.

Nizami Gəncəvi 1209-cu ildə Gəncədə vəfat edib və şəhərin yaxınlığında dəfn olunub. Şairin məzarı üzərində məqbərə ucaldılıb.

Şairin 800 illik yubileyi onun irsinin öyrənilməsində və təbliğində böyük rol oynadı. 1946- cı ildə Gəncədə, 1949-cu ildə isə Bakıda Nizami Gəncəviyə abidə ucaldılıb. Gəncə daxil olmaqla ölkəmizin bir çox bölgələrində Nizami Gəncəvi adına küçələr, məktəblər və s. obyektlər mövcuddur.

Mənbələr:

  1. Nizami Gəncəvi-880. Bakı-2001.
  2. Sönməz günəşin hikmət dəryası. Bakı-2016.
  3. E. Э. Бертельс. Великий Азербайджанский поэт Низами. Баку-1940.
  4. Poeziya dünyasının dahisi. Bakı-2012.
  5. https://www.ens.az/az/nizami-gencevi-2
  6. https://modern.az/az/news/274200/dunya-olkelerinde-ucaldilan-nizami-gencevi-heykelleri-fotolar
  7. https://azedu.az/az/news/44207-azerbaycanin-dunyadaki-ilkleri-
  8. http://www.anl.az/down/meqale/edebiyyat/2017/noyabr/564961.htm

Ən Çox Oxunan