22.5 C
Gence
22.5 C
Gence

Cavad xanın məzarının tarixi

SSRİ dövründə, 1963-cü ildə Şah Abbas məscidinin həyətində fəvvarə inşa etmək məqsədi ilə qazıntı işləri aparılmışdır. Bu zaman ərazidə üstü ərəbcə yazılan baş daşı və məzar aşkarlanmışdır. Yazılar bu məzarın Cavad xana aid olduğunu göstərirdi.

Başdaşında yazılmışdı: “Bu məzarda Gəncə bəylərbəyisi Qacar tayfasından olan Ziyadoğlu Cavad xan uyuyur…”.

O vaxt Gəncənin İcraiyyə Komitəsinin sədri Ələsgər Əlizadə, qəbrin Cavad xana aid olduğunu bilib, məzarı “Səbiskar” qəbiristanlığına aparılmasına göstəriş vermişdir. Gəncəlilər xanın qalıqlarını 27 il tarixçi Mirzə Adıgözəl bəy Qarabağinin nəvəsi, Əsgər ağa Goraninin türbəsində gizli qoruyub saxlayıblar.

Ələsgər Əlizadənın 101.az-a verdiyi müsahibədə dedikləri: “1963-cü ildə Gəncənin İcraiyyə Komitəsinin sədri idim. Mən də Cavad xanın qəhrəmanlığı haqqında eşitmişdim, ona dərin hörmətim vardı. Şəhərin azadlığı uğrunda öldüyünü bilirdim. Amma 60-cı illərdə çətin vaxt idi, Cavad xanın adını çəkmək xətalıydı. Çox təhlükəli olsa da, mən qorxmadım, qəbrin Cavad xana aid olduğunu bilən kimi, məzarının “Səbiskar”a köçürülməsinə göstəriş verdim. Çalışdıq ki, bu işi mümkün qədər səs-küysüz görək, gizli qalsın, “yuxarı”lara xəbər çatmasın. Xəbər tutsaydılar, bəlkə də məni işdən çıxarıb həbs edərdilər. …Əsas qəbri qorumaq lazım idi. Gələcək nəsil, tarix məni bağışlamazdı”.

Azərbaycanda milli azadlıq hərəkatı başlayanda, Gəncə əhalisinin ilk tələblərindən biri məhz xanın öz yerində dəfn olunması olur. Hadisənin canlı şahidi olan, şəhər sakini Əlisəftər Səfərəliyevin sözlərinə görə, 1990-cı ilin mart aylarında xanın qalıqları kecmiş yerinə aparılır və dəfn edilir.

Digər Gəncə sakini Əlaslan Cəfərovun sözlərindən: “Dəfndə böyük izdiham vardı, təxminən 70-80 min, bəlkə də çox adam olardı. Gəncə sonuncu xanını möhtəşəm şəkildə dəfn edirdi. …Cavad xanın tabutunu “Səbiskar” qəbiristanlığından Şah Abbas məscidinədək, təxminən 4 km yolu insanlar çiyinlərindən yerə qoymadan piyada gətirdilər. …Gəncə doğma, əziz adamını dəfn edirdi. Yaşlı adamlar ağlayırdı. Həm də sevinc var idi, haqq-ədalət öz yerini tapmışdı“.

2005-ci ildə məzarın üstündə Cavad xana türbə inşa edilib.

 

Mənbələr:

  1. Əhməd İsayev. Gəncə və gəncəlilər. Bakı-2008. 
  2. https://101.az/19729-cavad-xan-quotgenceye-yalniz-meyidimin-ustunden-keche-bilersinizquot.html
  3. http://ganjatv.az/tarixi_sexsiyyetler/67-gnc-tarixi-xsiyytlr-cavad-xan.html
  4. http://www.ganjanews.az/2013/08/05/c%C9%99miyy%C9%99t/g%C9%99nc%C9%99nin-qeyr%C9%99t-r%C9%99mzi-%E2%80%93-cavad-xan-.html
  5. https://www.youtube.com/watch?v=LUCpvYmIeUM

Ən Çox Oxunan