Ələddin Aslan oğlu Abbasov 5 may 1922-ci ildə Gəncədə anadan olub.
O, 15 yaşında Gəncə Dövlət Dram Teatrının nəzdindəki aktyor studiyasına qəbul olub və burada ikiillik teatr təhsili alıb. Ələddin Abbasov teatrın repertuarında olan tamaşalarda çıxış edib. O, 1939-cu ildən Gəncə Dövlət Dram Teatrında peşəkar aktyor kimi fəaliyyətə başlayıb.
1941-ci ildə Ələddin böyük qardaşı ilə İkinci Dünya müharibəsində iştirak edib. Döyüş yoldaşları ilə nəfəslərini dərməyə imkan tapan kimi Abbasov səngərin bir hissəsini səhnəyə çevirib yoldaşlarına “Otello”nun monoloqunu, “Vaqif”in şeirlərini deyərmiş. Ələddin müharibədən qayıtsa da, qardaşı cəbhədə həlak olur.
Ələddin Abbasov Gəncə Dövlət Dram Teatrının səhnəsində 200-dən artıq müxtəlif obrazlar yaradıb. O, C.Cabbarlının “Aydın” (Aydın), “Solğun çiçəklər” (Bəhram), A.Şirvanzadənin “Namus” (Seyran), V.Şekspirin “Otello” (Otello) və bir sıra digər tamaşalarda rol alıb.
Abbasov, həmçinin 22 filmdə çəkilib. Aktyorun kinoda debüt işi kinorejissor Hüseyn Seyidzadənin 1960-cı ildə çəkdiyi “Koroğlu” filmidir. O, “Mən ki gözəl deyildim” (İmran), “Özgə ömrü” (Ata), “Qatır Məmməd” (Məşədi Göyüş), “Torpaq. Dəniz. Od. Səma” (Əli) kimi bədii filmlərdə müxtəlif rolları ifa edib. Ələddin Abbasovun ən məşhur ekran rolu “Dəli Kür” əsərində Cahandar ağa obrazıdır.
Ələddin Abbasov Əməkdar artist və Xalq artisti fəxri adlarını alıb. O, teatr və kino sahəsindəki xidmətlərinə görə prezident təqaüdünə də layiq görülüb.
Abbasov Gəncə Dövlət Dram Teatrının səhnəsində son dəfə “Mahnı dağlarda qaldı” tamaşasında Böyük bəy rolunu oynayıb.
Xalq artisti Məmmədəli Babayev aktyor haqqında belə deyib: “Hansı aktyor Ələddin Abbasovla tərəf-müqabili olurdusa, özünü xoşbəxt hesab edirdi. Belə bir dahi sənətkarla tərəf-müqabili olmaq özü də böyük bir məsuliyyət hissi tələb edirdi”.
Ələddin Abbasov 13 iyul 2014-cü ildə Gəncədə vəfat edib və şəhərin Fəxri xiyabanında dəfn olunub.
Mənbələr:
- Rafiq Atakişi. Gəncə Dram teatrı. Bakı-2013.
- Mədəniyyət.- 2012.- 4 may.- S. 12.
- https://kulis.az/xeber/media/sengerde-vaqifin-seirlerini-oxudu-meshur-filme-onun-evezine-ermeni-aktyoru-cekdiler-colorredkinomuzun-cahandar-agasi-haqda-maraqli-faktlarcolor-32822
- http://old.xalqqazeti.com/az/news/culture/25286
- https://aki.az/%C9%99l%C9%99ddin-abbasov-100/