13 C
Gence
13 C
Gence

Bu gün İsrafil Məmmədovun doğum günüdür

İsrafil Məhərrəm oğlu Məmmədov 16 mart 1919-cu ildə Gəncədə anadan olub. Lakin bəzi mənbələrdə onun Şəmkir rayonunun Qapanlı kəndində anadan olması və həmin ildə ailəsinin Gəncəyə köçməsi qeyd edilir.

O, Gəncədə 1 saylı orta məktəbi, daha sonra şəhərin Sənaye Texnikumunu bitirib. Məmmədov bir müddət toxuculuq fabrikində işləyib. İsrafil Məmmədov 1939-cu ildən sovet ordusunda xidmətə başlayıb.

1941-ci ildən, Böyük Vətən müharibəsinin ilk günlərindən İsrafil Məmmədov ön cəbhədə vuruşub və az bir zamanda serjant rütbəsinə yüksəlmiş vzvod komandiri olub. Həmin ilin dekabrında Novqorod vilayətinin Pustınka kəndi uğrunda gedən döyüşlərdə iştirak edib və azsaylı dəstəsi ilə 10 saat ərzində almanların hücumlarını dəf edib. Bu döyüşdə 300-ə yaxın faşist həlak olub. Məmmədov özü əlbəyaxa döyüşdə onlarla düşmən əsgərini məhv edib. Məhz bu şücaətinə görə o, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. İsrafil Məmmədov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən ilk azərbaycanlıdır.

Məmmədov bir çox döyüşlərdə qəhrəmanlıq göstərib və dəfələrlə yaralanıb. Ağır yaralandıqdan sonra onu Azərbaycana göndərib vəzifə versələr də, o, arxa cəbhədə olmaqla barışmır. Bir müddət sonra Məmmədov yenidən müharibənin qaynar nöqtəsinə göndərilir. Müharibənin sonuna yaxın qəhrəman yenidən ağır yaralanır. Uzun müddət müalicə alsa da, onu sağaltmaq mümkün olmur.

İsrafil Məmmədov 1 may 1946-cı ildə Yaltada, müalicə aldığı hospitalda vəfat edib. Onun cənazəsi Gəncəyə gətirilib və Xan bağında dəfn olunub.

Məmmədov, həmçinin Lenin ordeni və Qızıl Ulduz medalı ilə təltif edilib. Gəncədə İsrafil Məmmədovun ev-muzeyi fəaliyyət göstərir, şəhərdə küçəyə onun adı verilib, yaşadığı evin üzərində xatirə lövhəsi vurulub. Şəmkirin Qapanlı kəndindəki məktəb qəhrəmanın adını daşıyır.

Mənbələr:

  1. Quliyev M., Məmmədov Ə. Gəncənin yetirməsi, bizim ilk Sovet İttifaqı Qəhrəmanımız: İsrafil Məmmədov. Gəncə-2020.
  2. https://warheroes.ru/hero/hero.asp?Hero_id=287
  3. http://www.anl.az/down/meqale/hurriyyet/2019/yanvar/631035.htm
  4. https://ochagsamara.wordpress.com/2016/03/16/16-mart-ilk-az%C9%99rbaycanli-sovet-ittifaqi-q%C9%99hr%C9%99mani-israfil-m%C9%99mm%C9%99dovun-dogum-gunu/

Ən Çox Oxunan