İncəsənət xadimi Mehriban Zaur qızı Ələkbərzadə 5 avqust 1965-ci ildə Gəncədə anadan olub.
O, uşaq yaşlarında ailəsi ilə birgə Sumqayıta köçüb. Mehriban 1982-ci ildə Sumqayıtın 17 nömrəli orta məktəbini bitirib. O, Sumqayıt Dövlət Dram Teatrında rejissor köməkçisi kimi çalışmağa başlayıb və bir il burada fəaliyyət göstərib. Mehriban Ələkbərzadə 1983-1988-ci illərdə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində təhsil alıb. Ələkbərzadə tələbəlik illərində Tədris Teatrında bir neçə pyesi tamaşaya hazırlayıb.
Mehriban Ələkbərzadə təhsilini başa vurduqdan sonra təyinatla Lənkəran Dövlət Dram Teatrına göndərilib. O, burada Şıxəli Qurbanovun “Sənsiz”, Bəxtiyar Vahabzadənin “Yağışdan sonra” , Stanislav Stratiyevin “Avtobus”, “Çarəsiz sərnişinlər” pyeslərinə quruluş verib. 1990-cı ildə, Lənkərandan Bakıya qayıdandan sonra “Azərbaycanfilm” kinostudiyasında “Güzgü” qısametrajlı bədii filmini çəkib.
Ələkbərzadə 1991-ci ildə Akademik Milli Dram Teatrında rejissor köməkçisi kimi işləməyə başlayıb. 1994-cü ildən isə həmin teatrın quruluşçu rejissorudur.
Rejissor Akademik Milli Dram Teatrının səhnəsində bir çox tamaşalar hazırlayıb.
Həmçinin Mehriban Ələkbərzadə Azərbaycan Dövlət Televiziyasında Nahid Hacızadənin “Yaşa, ey haqq!”, Jan Koktonun “İnsan səsi”, Marşa Normanın “Gecən xeyrə qalsın, ana”, Mehriban Vəzirin “İlğım”, Afaq Məsudun “Cəza” əsərlərini tamaşaya hazırlayıb.
Ələkbərzadə “Space” televiziyası kanalında dörd seriyalı “Qırmızı Terror və ya Mircəfər Bağırov”, “Azərbaycan xanlıqları” bədii-sənədli filmlərinin rejissorudur. Rejissor 2008-ci ildə televiziya fəaliyyətinə son qoyduğunu bildirib.
Mehriban Ələkbərzadə 2017-ci ildə Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru vəzifəsinə təyin edilib. O, Naxçıvan MR-in “Əməkdar incəsənət xadimi” və Azərbaycan Respublikasının “Əməkdar incəsənət xadimi” fəxri adlarına layiq görülüb.
Mənbələr:
- http://az.baku-art.com/az/bu-gun-rejissor-mehriban-elekberzad-nin-dogum-g-n-d-r
- https://sumqayitxeber.com/mehriban-Elekberzade-sumqayitda-yasayirdim-gedib-gelmek-cox-cetin-idi/