25.8 C
Gence
25.8 C
Gence

Bu gün Nizami Gəncəvinin nəslindən olan xalq artisti Məmmədrza Şeyxzamanovun ölüm günüdür

Məmmədrza Şeyxzamanov 4 avqust 1915-ci ildə Gəncədə anadan olub. O, şair Şeyx Nizaminin nəslindəndir.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Şeyxzamanovların mülkləri və zəngin kitabxanaları yandırılır. Məmmədrzanın atası Hacı İsa bəy vəfat edir. Anası isə yaşadıqları mülkü itirməmək üçün orada fabrik açılmasına icazə verir və əvəzində öz evindən bir otaq ala bilir.

Məmmədrza orta məktəbi bitirdikdən sonra Gəncədə İnşaat Texnikumunda təhsil alıb. O, burada dram dərnəyində tamaşalarda oynayıb. 15 yaşında ikən Məmmədrza Gəncədə “artist Məmmədəli” kimi tanınıb.

1934-cü ildə Gəncə Dövlət Dram Teatrının rejissoru Həbib İsmayılov Şeyxzamanovu teatra dəvət edir. O, burada ilk dəfə “Hind qızı” tamaşasında “Brahma” rolunda oynayır. Çalışdığı dövrdə Məmmədrza “Vaqif” (Eldar), “Fərhad və Şirin” (Fərhad), “Qaçaq Nəbi” (Nəbi) və digər tamaşalarda obrazlar yaradır.

1938-ci ildə aktyor bəy qızı nəslindən olan Nigar xanımla evlənir və onların qızı dünyaya gəlir. Bir müddət sonra Məmmədrza pantürkist adı ilə Qazaxıstana sürgün edilir. Yeddi ildən sonra o, ailəsi ilə icazəsiz Gəncəyə qayıdır.

1954-cü ildə “Azdrama”nın baş rejissoru Adil İsgəndərov Məmmədrzanı Bakıya teatrda işləməyə dəvət edir. O, burada “Hamlet”, “Od gəlini”, “Almaz”, “Ölülər”, “Alov” və s. tamaşalarda oynayır. 1955-ci ildə Şeyxzamanov “Bəxtiyar” kinokomediyasında “Rəcəbov” rolunu canlandırır.

Məmmədrza Şeyxzamanov bu filmlərdə müxtəlif obrazlar canlandırıb: “Qızmar günəş altında” (Alı kişi), “Leyli və Məcnun” (Dərviş), “Bir qalanın sirri” (həkim Eldostu), “Qatır Məmməd” (Gəncə qubernatoru), “Nəsimi” (Şeyx Əzəm), “Tütək səsi” (İsfəndiyar kişi), “Əhməd haradadır” (Şirin kişi) və s. O, “Azərbaycanfilm” kinostudiyasının 20-dən artıq bədii filmində rollarla çıxış edib.

1974-cü ildə Məmmədrza Şeyxzamanov Xalq artisti fəxri adına layiq görülüb.

Onun səsinin tembri, zahiri görünüşü, həm teatrda, həm kinoda, həm də müxtəlif filmlərin dublyajında yaratdığı xarakterlər heç vaxt unudulmayacaq. Heç vaxt… Çünki Məmmədrza Şeyxzamanov böyük sənətkar idi” – Xalq artisti, aktyor Fuad Poladov.

Məmmədrza Şeyxzamanov 25 yanvar 1984-cü ildə Bakıda vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub.

 

Mənbələr:

  1. https://news.day.az/azerinews/732491.html
  2. https://kulis.az/xeber/tarix/By-qizini-qaciran-uc-ovladini-itirn-on-dord-il-surgund-qalan-Xalq-artisti-colorredSmd-Vurgun-onun-hyatini-nec-xilas-etdicolor-32720
  3. https://medeniyyet.az/page/news/2981/Musbet-rollarin-mahir-ifacisi–Memmedrza-Seyxzamanov-.html?lang=az
  4. http://az.baku-art.com/az/bu-gun-xalq-artisti-memmedrza-sheyxzamanovun-dogum-g-n-d-r
  5. https://news.milli.az/culture/519509.html

Ən Çox Oxunan