27.5 C
Gence
27.5 C
Gence

Bu gün Hikmət Hacıyevin doğum günüdür

Prezidentin köməkçisi və Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 15 oktyabr 1979-cu ildə Gəncə şəhərində anadan olub.

O, Gəncədə 24 saylı orta məktəbdə təhsil alıb. Daha sonra Hacıyev Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültələrinin bakalavr və magistr pillələrini bitirib. Roma (İtaliya) NATO-nun Müdafiə kolleci, Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal mərkəzi və Belçikanın ULB Universitetinin magistr pilləsinin məzunudur.

Hikmət Hacıyev 2000-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyində çalışıb. Müxtəlif illərdə o, Azərbaycanın NATO ‎nümayəndəliyində, Azərbaycanın Küveytdəki səfirliyində işləyib. 2008-‎ci ildən Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Təhlükəsizlik ‎problemləri departamentinin ikinci katibi vəzifəsində, 2011-ci ildən isə ‎Azərbaycanın Misirdəki səfirliyində müşavir vəzifəsində çalışıb. O, 2013-cü ilin sentyabr ayından Xarici İşlər Nazirliyində şöbə müdiri vəzifəsini tutub.

Hikmət Hacıyev 2014-2018-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat ‎xidmətinin rəhbəri vəzifəsində çalışıb.

9 iyul 2018-ci ildə “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunub. 18 sentyabr 2018-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsini tutub, 26 noyabr 2018-ci ildən isə həmin şöbənin rəhbəri vəzifəsində çalışıb.

29 noyabr 2019-cu ildə Prezident İlham Əliyev Hikmət Hacıyevi Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.

Hikmət Hacıyev ailəlidir və iki övladı var.

Ən Çox Oxunan