Əhməd Məmməd oğlu İsayev 30 avqust 1940-cı ildə Zaqatala rayonunun Suvagil kəndində anadan olub.
O, orta məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlayıb. Əhməd 1959-1965-ci illərdə indiki BDU-da ali təhsil alıb.
Əhməd İsayev 1963-cü ildən “Kommunist” (indiki “Xalq qəzeti”) qəzeti redaksiyasında işə başlayıb və orada ədəbi işçi, şöbə müdiri vəzifələrində çalışıb. O, 1970-1990-cı illərdə həmin qəzetin Gəncə-Qazax bölgəsi üzrə xüsusi müxbiri olub.
İsayev 1990-1991-ci illərdə “Respublika” qəzetinin təşkilatçısı və ilk baş redaktoru olub. Daha sonra o, “Həyat” və “Səhər” qəzetlərində fəaliyyət göstərib. Əhməd İsayev 1995-ci ildən “Azərbaycan” qəzetində Gəncəbasar bölgə müxbiri kimi çalışıb. Yazıçı bir müddət “Gəncə və gəncəlilər” Xeyriyyə Cəmiyyətinə rəhbərlik edib.
O, Gəncədə yerləşən indiki Azərbaycan Dövlət Aqrar Universitetinin fəxri doktoru adına layiq görülüb.
Əhməd İsayev 2 minədək qəzet və jurnal məqaləsinin, 30-dan çox kitabın müəllifidir. Onun əsərləri sırasında “Gəncə və gəncəlilər”, “Gəncədən ucalan yol”, “Biz yanmasaq”, “Sevgi saxladı bizi” və digərlərini qeyd etmək olar. 1988-ci ildə İsayevin “Boş barılar” pyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub.
O, Türkiyədə, Yunanıstanda, Fransada, Bolqarıstanda, İngiltərədə səfərlərdə olub. Əhməd İsayev İtaliyada “Unita” qəzetinin festivalında və Misirdə beynəlxalq media təlimində Azərbaycanı təmsil edib.
O, Əməkdar jurnalist adına layiq görülmüş ilk yazıçılardan biri idi. Jurnalist “Rəşadətli əməyə görə” və “Tərəqqi” medalı ilə də təltif edilib. İsayev 2006-cı ildən Prezidentin fərdi təqaüdçüsü olub.
Əhməd İsayev 26 dekabr 2021-ci ildə Bakı şəhərində vəfat edib.
Mənbələr:
- https://www.azerbaijan-news.az/az/posts/detail/emekdar-jurnalist-ehmed-isayev-ebediyyete-qovusub-1640728952
- https://medeniyyet.az/page/news/60490/Emekdar-jurnalist-Ehmed-Isayev-vefat-edib.html
- https://qafqazinfo.az/news/detail/emekdar-jurnalist-dunyasini-deyisdi-347886
- https://m.modern.az/az/news/322930
- https://kulis.az/xeber/media/azerbaycanli-yazici-vefat-etdi-40517