Sahib Axundov 17 aprel 1952-ci ildə Gəncə şəhərində anadan olub. O, Sahib İbrahimli təxəllüsü ilə tanınır.
İbrahimli ilk təhsilini 8 saylı, sonra isə 1 saylı Gəncə şəhər məktəblərində alıb. O, 1968-1973-cü illərdə Gəncə Dövlət Universitetində oxuyub.
Sahib İbrahimli əmək fəaliyyətinə 1973-cü ildə Ucar rayonunda müəllim işləməklə başlayıb. Bununla bərabər, o, 1976-1980-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alıb.
Yazıçı 1982-1994-cü illərdə AMEA-nın Gəncə Bölməsində elmi işçi kimi çalışıb. O, 1989-1992-ci illərdə Azərbaycan kənd təsərrüfatı Akademiyasının “Kadr uğrunda” qəzetinin müxbiri olub. İbrahimli 1995-ci ildən indiki Azərbaycan Dövlət Aqrar Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, həmçinin Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin sədridir.
Yazıçının ilk mətbu şeiri olan “Söyüd” 1969-cu ildə “Kirovabad kommunisti” qəzetində çap olunub. Onun əsərləri sırasında “Dağların sovqatı”, “Külək mənim dostumdur”, “Atam laylay, anam laylay”, “Torpağı öpəndə”, “Bir də baxıb gördüm şeir yazıram” və s. qeyd etmək olar. İbrahimlinin əsərləri Ukrayna, İran və Türkiyədə çap olunub.
Sahib İbrahimli “Qasımbəy Zakirin poetikası”, “Əhməd Cavadın həyat və yaradıcılığının Gəncə dövrü”, “Elm fədaisi” əsərlərinin, həmçinin söz ustası Aşıq Ələsgərin yaradıcılığına həsr olunmuş bir monoqrafiyanın, 100-ə qədər elmi məqalənin və 10-dan çox kitabın müəllifidir. O, Mirzə Şəfi Vazehin “Divani Hikmət” ədəbi məclisini bərpa edənlərdən biridir.
İbrahimli 1989-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1992-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, Azərbaycanın Əməkdar mədəniyyət işçisidir. Yazıçı 2015-ci ildə Prezident təqaüdünə layiq görülüb.
Mənbələr:
- Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə). Bakı-2011.
- http://muhendislik.adau.edu.az/images/files/2021-04/1618315427_359-sahib-axundov-ibrahim.pdf