19.7 C
Gence
18.5 C
Ganja

Bu gün gəncəli rejissor Vaqif Şərifovun anım günüdür

Vaqif Abdulla oğlu Şərifov 12 avqust 1943-cü ildə Gəncədə anadan olub.

O, məktəb illərində Gəncə Dövlət Dram Teatrının tamaşalarında çıxış edib. Şərifov 1962-1967-ci illərdə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində təhsil alıb. Daha sonra Vaqif Şərifov təyinatla Gəncə Dövlət Dram Teatrına göndərilib və burada əmək fəaliyyətinə başlayıb. O, 1967-1974-cü illərdə Gəncə Dövlət Dram Teatrında rejissor kimi çalışıb.

Vaqif Şərifov 1974-1977-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında, 1977-1981-ci illərdə isə Ağdam Dövlət Dram Teatrında baş rejissor kimi fəaliyyət göstərib.

Şərifov 1981-1984-cü illərdə Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor, 1984-1998-ci illərdə isə burada direktor və bədii rəhbər vəzifələrində çalışıb.

Vaqif Şərifov ümumilikdə Azərbaycan teatrlarında 180-dən çox pyes səhnələşdirib. Müxtəlif illərdə rejissor Nazim Hikmətin “Domokl qılıncı”, Hüseyn Cavidin “Maral”, Cəfər Cabbarlının “Almaz”, “Yaşar”, Altay Məmmədovun “Dəli Domrul”, Anarın “Şəhərin yay günləri”, Mirzə Fətəli Axundzadənin “Qanun dəllalı”, Süleyman Sani Axundovun “Eşq və intiqam”, İsmayıl Şıxlının “Dəli Kür”, Nüşabə Məmmədlinin “Unutmaq istəyirəm”, Fəridə Əlyarbəylinin “Xan qızı” və başqa əsərlərə quruluş verib.

2003-cü ildə Şərifov “Qanun dəllalı” tamaşasının quruluşuna görə “Qızıl Dərviş” mükafatına layiq görülüb. O, 1992-ci ildə Əməkdar incəsənət xadimi, 2014-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb, bundan başqa, “Tərəqqi” medalı ilə təltif edilib. 2020-ci ildən isə Vaqif Şərifov Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

Vaqif Şərifov 5 oktyabr 2021-ci ildə 78 yaşında vəfat edib və Gəncənin Fəxri xiyabanında dəfn edilib.

 

Mənbələr:

  1. Azərbaycan Teatr Ensiklopediyası. 3-cü cild. Bakı-2017.
  2. https://medeniyyet.az/page/news/59223/Xalq-artisti-Vaqif-Serifov-vefat-edib.html
  3. http://kinobiz.az/celebrity/vaqif-s%C9%99rifov/