23 C
Gence
18.5 C
Ganja

Bu gün gəncəli şair Zeynal Xəlilin anım günüdür

Zeynal Xəlilov 23 mart 1914-cü ildə Gəncə şəhərində, sənətkar ailəsində anadan olub. O, Zeynal Xəlil təxəllüsü ilə tanınıb.

Xəlilov ali təhsilini indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil və ədəbiyyat fakültəsində alıb.

O, bədii yaradıcılığa 17 yaşında olarkən başlayıb. Şair az müddət ərzində Səməd Vurğun, Mikayıl Müşfiq, Rəsul Rza, Süleyman Rüstəm, Məmməd Rahim, Osman Sarıvəlli kimi söz ustaları arasında tanınıb. Zeynalın “İstək” adlı ilk şeirlər kitabı 1936-cı ildə çap olunub. İkinci Dünya müharibəsi illərində şair “Yəhərləyin atları”, “416”, “Döyüşçünün vəsiyyəti” və başqa şeirləri, “Tatyana” poemasını yazıb. Xəlilovun “Düşüncələr”, “Etibar”, “Sevdiyim rəng”, “Günəş, dəniz və insan” və digər şeir kitabları, “Ulduzlar” romanı, “İntiqam” , “Gənc ustalar”, “Ata yolu” pyesləri daha çox tanınır. Şairin ədəbi əsərləri bir sıra xarici dillərdə dərc edilib.

Zeynal Xəlilovun şeirlərinin sözlərinə bəstələnmiş mahnılar sırasında “Kimlər gəldi, kimlər getdi”, “Bu gecə”, “Ay işığında” və başqa nəğmələrini qeyd etmək olar.

Xəlilov özbək şairi Qafur Qulam, rus şairi Pavel Antokolski, macar şairi Şandor Petöfi, avar şairi Rəsul Həmzətov, gürcü şairi David Quramişvili kimi yazıçıların əsərlərini Azərbaycan dilinə tərcümə edib.

Şair Taleh Həmid sənətkar haqqında deyib: “XX əsrdə Zeynal Xəlil qədər “insan, insan” deyən ikinci bir şairimizə rast gəlmək, bəlkə də, mümkün deyil”.

O, 1964-cü ildə “Əməkdar incəsənət xadimi” fəxri adına, “Şərəf nişanı” ordeni və medallara layiq görülüb.

Zeynal Xəlilov 11 avqust 1973-cü ildə vəfat edib və  II Fəxri Xiyabanda dəfn olunub. Hazırda Azərbaycan prospektində yaşadığı evin divarında xatirə lövhəsi mövcuddur.

Mənbələr:

  1. https://xalqqazeti.com/mobile/az/news/54011
  2. https://portal.azertag.az/az/node/19686
  3. https://medeniyyet.az/page/news/707/Sozleri-Zeynal-Xelilindir.html?lang=ru