16.4 C
Gence
16.4 C
Gence

Bu gün Gəncə şəhər İcra Hakimiyyətinin başçısı olmuş Hacı Vaqifin anım günüdür

Vaqif Süleyman oğlu Vəliyev 1939-cu ildə Gəncədə anadan olub. O, daha çox “Hacı Vaqif” kimi tanınıb.

Vəliyev 2 saylı tam orta məktəbdə təhsil alıb. Məktəbi bitirdikdən sonra o, ordu sıralarına çağırılıb. Vaqif Vəliyev hərbi xidməti başa vurub, Gəncəyə qayıdıb. O, “Gəncə” mehmanxanasındakı yeməkxanada işləyib. Daha sonra Vaqif Özbəkistana gedib və 30 il orada yaşayıb. Vəliyev burada müxtəlif idarələrdə çalışıb, həmçinin Daşkənd Yeyinti Sənaye İnstitutunda ali təhsil alıb.

Vaqif Vəliyev Özbəkistandakı azərbaycanlılar arasında xeyriyyəçi kimi tanınıb. Bu haqda şair Bəxtiyar Vahabzadə öz xatirələrində danışıb: “1980-ci ilin yayında Özbəkistanda Azərbaycan ədəbiyyatı və incəsənəti həftəsində iştirak etmək üçün respublikamızın incəsənət adamlarından ibarət böyük bir dəstə Daşkəndə getmişdi. Burada öyrəndik ki, azərbaycanlıların çoxu şəhərdən bir qədər kənardakı məhəllədə yaşayır. Bu məhəlləyə “Azərbaycanlı məhəlləsi” də deyirdilər. Evində qonaq olduğum Vaqif isə gənc olmasına baxmayaraq, bu məhəllənin ağsaqqalı hesab olunur. Müşahidələrimdən belə başa düşdüm ki, buradakı bütün azərbaycanlıların dərdi, qayğısı bu adamın çiynindədir”.

Vaqif Vəliyevin xeyriyyəçi əməlləri haqqında Qafqaz müsəlmanlarının Şeyxülislamı Allahşükür Paşazadə də danışıb: “Müqəddəs Məkkə və Mədinəni ziyarət etmək Vaqifin çoxdankı arzusu idi. Həmin müqəddəs səfərdə biz birlikdə olmuşuq. Deyirdi ki, İnşallah, Hacı olandan sonra bütün səylərini, qüvvə və bacarığını xeyriyyəçiliyə həsr edəcək. Həcdən qayıtdıqdan sonra onsuz da ehtiyacı olanların əlindən tutan bu insan xeyriyyəçilik işlərinə daha böyük həvəslə girişdi, xalqa daha böyük məhəbbətlə, qayğıkeşliklə xidmət etməyə başladı”.

Hacı Vaqif 1993-cü ilin iyununda yenidən Gəncəyə qayıdır. O, burada da el ağsaqqalı kimi tanınmağa başlayır və Gəncənin İmamzadə ziyarətgahını təmir etdirir.

Vəliyev 16 iyun 1993-cü ildə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı təyin olunur.

Hacı Vaqif 24 iyun 1993-cü ildə Gəncə şəhər İcra Hakimiyyətində iş otağında güllələnərək qətlə yetirilib. O, Gəncədə, Köhnə Səbiskar qəbiristanlığında dəfn olunub və məzarının üzərində ona türbə ucaldılıb.

Mənbələr:

  1. Gəncə böyük hərflə. №9. Gəncə-2007.
  2. https://e-qanun.az/framework/8443
  3. Foto: Gəncə böyük hərflə. №9. Gəncə-2007.

Ən Çox Oxunan