15.3 C
Gence
12.5 C
Ganja

Bu gün Azərbaycan xalqının Dirçəliş Günü qeyd olunur

17 noyabr 1988-ci ildə Bakıda, Azadlıq meydanında Azərbaycan xalqının uzunmüddətli mitinqləri başlamışdır. Bir milyona yaxın insanın qatıldığı bu mitinqlər 17 gün fasiləsiz davam etmiş və SSRİ-də ən kütləvi etiraz aksiyası olmuşdur. Hökumət nümayəndələri mitinqi dayandırmağı tələb etsə də, xalq meydanı tərk etməyəcəyini bildirmişdir.

Mitinqlərdə xalqın əsas tələblərindən biri Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılması idi. Həmçinin tələblərin sırasına Dağlıq Qarabağda anti-Azərbaycan siyasəti yeridən qurumun ləğv edilməsi, əks halda Ermənistanla iqtisadi əlaqələrin kəsilməsi, SSRİ Ali Sovetinin sessiyasında Ermənistanın təcavüzü məsələsinin qaldırılması da daxil idi.

Xalqın bu qətiyyətindən öz xeyrinə istifadə etmək istəyən qüvvələr də var idi və onlar vəziyyəti qəsdən gərginləşdirir, müxtəlif təxribatlar törədirdilər. Noyabrın 22-də Gəncədə əhali ilə ordu arasında qanlı toqquşma baş vermiş, 160 nəfər yaralanmış, üç əsgər və bir uşaq həlak olmuşdu. Bu səbəbdən noyabrın 24-də Bakı, Gəncə və Naxçıvan şəhərlərində xüsusi vəziyyət və komendant saatı tətbiq edilmişdi.

Bu hərəkat Azərbaycanın müstəqilliyinin bərpasında mühüm rol oynayıb. 3 ildən sonra, 1991-ci ildə Azərbaycan müstəqilliyini elan edib. 1992-ci ildə isə hərəkatın başladığı gün – 17 Noyabr – Milli Dirçəliş Günü elan edilib.

 

Mənbələr:

  1. http://www.anl.az/down/meqale/xalqqazeti/2018/noyabr/618471(meqale).pdf
  2. http://www.anl.az/dirchelishgunu.htm

Ən Çox Oxunan