Zemfira Nəriman qızı Quliyeva 23 noyabr 1937-ci ildə Gəncə şəhərində anadan olub.
O, 1957-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) vokal fakültəsinin solo oxu şöbəsinə daxil olub, 1962-ci ildə ali təhsilini başa vurub. Quliyeva ikinci kursda oxuyanda bəstəkar Süleyman Ələsgərovun və rejissor Şəmsi Bədəlbəylinin təşəbbüsü ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına işə dəvət olunub və iki il bu kollektivdə çalışıb, teatrda bir sıra tamaşalarda əsas partiyaları oynayıb.
1960-1963-cü illərdə Quliyeva Azərbaycan Dövlət Radiosunun xorunda çalışıb. O, 1963-cü ildə Musiqili Komediya Teatrının aparıcı solisti kimi çalışmağa başlayıb. Zemfira Quliyeva otuz ildən çox Musiqili Komediya Teatrının repertuarındakı əsas tamaşalarda obrazlar canlandırıb. O, “Məşədi İbad”, “Arşın mal alan”, “Ev bizim, sirr bizim”, “Ulduz”, “Hacı Qara” kimi tamaşalarda rol alıb.
Zemfira Quliyeva 1982-ci ildə Azərbaycan SSR Əməkdar artisti fəxri adı ilə təltif olunub.
Zemfira Quliyeva 3 noyabr 1997-ci ildə Bakıda vəfat edib.
Mənbələr:
- Rəhimli İ. Azərbaycan teatr ensiklopediyası. III cild. Bakı-2017.
- Rəhimli İ. Azərbaycan Dövlət Musiqili Teatrı. Bakı-2013.