19.1 C
Gence
19.1 C
Gence

Bu gün “Çaykənd” əməliyyatından 31 il ötür

30 aprel 1991-ci ildə “Çaykənd” və ya “Halqa” əməliyyatı başladı. Bu əməliyyatın məqsədi Göygöl və Goranboy rayonlarının erməni əhalisinin yaşadığı kəndlərdə, Bakı və Gəncə arasında hərəkət edən, dinc sakinlər və avtobuslara hücum edən silahlanmış erməni döyüşçülərinin zərərsizləşdirilməsi idi. Əməliyyatda Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun rəhbərlik etdiyi o zamankı Milli Təhlükəsizlik Nazirliyinin (MTN) xüsusi təyinatlı dəstəsi, əməliyyat işçilərindən ibarət qrup və Gəncədə yerləşən hərbi qüvvələr iştirak ediblər.

28 apreldən ölkə rəhbərliyi Gəncə şəhərində toplanmışdı. Milli Təhlükəsizlik naziri Vaqif Hüseynov, Daxili İşlər naziri Məhəmməd Əsədov və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi Viktor Polyaniçko müşavirədə iştirak edirdilər. Həmin vaxt Hacıkənddə –  “Ulduz” düşərgəsində Çaykənd əməliyyatı ilə bağlı qərargah yaradılmışdı və Gəncədə yerləşən desant polkundan çoxsaylı hərbçilər burada yerləşdirilmişdilər. Rəhbərlər müşavirədən sonra düşərgədə olan hərbçilərə “Çaykənd” əməliyyatı ilə bağlı məlumat verdilər. Bundan sonra əməliyyat başladı.

İlk öncə hərbçilər piyadaların döyüş maşını ilə irəliləyirdilər. Sonra MTN və polis əməkdaşları vertolyotlarla Çaykəndə daxil oldular. Burada pasport rejiminin yoxlanılması əməliyyatı həyata keçirilirdi. Bunun məqsədi Ermənistan və digər yerlərdən Dağlıq Qarabağ ərazisinə gəlmiş terrorçuların aşkarlanması və kəndin onlardan təmizlənməsi idi.

Əməliyyat zamanı kəndin erməni əhalisi ərazini tərk etmək üçün dəhliz istəyirdi. Tərəflər arasında aparılan danışıqdan sonra MTN və polis əməkdaşları tərəfindən bu dəhliz yaradıldı. Dəhlizlə kənddə yaşayan və ərazini tərk etmək istəyən ermənilər Çaykənddən getdilər. Təxribat qrupları zərərsizləşdirildi. Onlardan bəziləri əməliyyat zamanı öldürüldü, digərləri isə qaçaraq ərazini tərk etdi. Bundan sonra Çaykənd ermənilərdən boşaldıldı.

3 may tarixində əməliyyat başa çatdı. Əməliyyatın nəticəsi olaraq axtarışda olan, qeyri-qanuni yollarla Azərbaycana gəlmiş və dövlətə qarşı döyüşmüş 13 erməni cinayətkar Çaykənddə həbs olundu.

“Çaykənd” əməliyyatı Qarabağ münaqişəsinin açıq hərbi mərhələsinin başlanğıcı oldu.

Mənbələr:

  1. Tomas de Vaal. Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında. Bakı-2008.
  2. https://gancapost.info/az/article/602/cayk-nd-m-liyyati-geciks-ydi-g-nc-nin-taleyi-sual-altinda-olardi/
  3. https://ordu.az/az/news/131524/caykend-emeliyyatindan-27-il-kecir

Ən Çox Oxunan