15.3 C
Gence
15.3 C
Gence

Bu gün şair, publisist İnqilab İsaqın 70 yaşı tamam olur

İnqilab İsaq oğlu Rzayev 31 mart 1953-cü ildə Daşkəsən rayonunda anadan olub. O, İnqilab İsaq təxəllüsü ilə tanınıb.

İlk təhsilini Gəncədə, 22 saylı orta məktəbdə alıb, 1970-ci ildən H.Zərdabi adına Dövlət Pedaqoji İnstitutunda təhsilini davam etdirib. İnqilab İsaq pedaqoji fəaliyyətə tayinatla göndərildiyi Beyləqan rayonunun Gödəklər kəndində başlayıb, həmçinin oranın məktəbində dərs hissə müdiri işləyib. Daha sonra Göygöl rayonunun Qiyaslı və Nəbağalı kəndlərində müəllim işləyib. O, 1983-1992-ci illərdə “Göy göl” redaksiyasında korrektor, ədəbi işçi, şöbə müdiri, 1992-1999-cı illərdə isə “Açıq söz” qəzetinin bölgə müxbiri vəzifələrində çalışıb. İnqilab İsaq 2000-ci ildən Müəllimlər İstitutunun Gəncə filialının pedaqogika və psixologiya kafedrasında müəllim işləyib.

Şairin ədəbi fəaliyyəti 1970-ci ildən başlayıb. Onun ilk mətbu əsəri “Məhəbbət” həmin ildə “Yüksəliş” qəzetində dərc olunub. İnqilab İsaq 1983-cü ildən Jurnalistlər birliyinin, 1999-cu ildən isə Yazıçılar Birliyinin üzvüdür. Dövri mətbuatda tez-tez şeir və məqalələrlə çıxış edir. Onun “Ümidə borclu dünya”, “Deməyə sözüm var”, “Aləm cənnətə dönsə”, “Aydan axan bulaq”, “Sabahın ümidləri”, “Obaları gəzə-gəzə” və başqa əsərlərini qeyd etmək olar.

İnqilab İsaq 2009-cu ildən “Divani-Hikmət” ədəbi məclisinin üzvüdür. O, Prezident, həmçinin Beynəlxalq Rəsul Rza mükafatlarına layiq görülüb.

Şair müsahibədə Gəncə haqda bu sözləri deyib: “…Gəncə, bəlkə də, dünyada yeganə şəhərdir ki, qaçmağı yox səbirlə, düşüncəylə addımlamağı sevir. Bəlkə, Gəncə yeganə şəhərdir öz dağından, öz oylağından, öz havasından enmir. Bu şəhərin havası ilə yaşamaq adamı biganəlikdən, laqeydlikdən xilas edir. Özüm Daşkəsəndə doğulsam da, bütün uğurlarım bu şəhərlə – Gəncə ilə bağlıdır…”

Hazırda İnqilab İsaq Göygöl rayonunun Üçtəpə kəndində yaşayır.

Mənbələr:

  1. Əhmədov T. Azərbaycan yazıçıları. XX-XXI yüzillikdə. Bakı-2011.
  2. http://www.anl.az/down/meqale/525/2013/avqust/321347.htm

Ən Çox Oxunan