27 sentyabr 2020-ci ildə Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirib. Buna cavab olaraq, “Dəmir Yumruq” adını alan əks-hücum əməliyyatı ilə Vətən müharibəsi başladı.
44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərləri işğaldan azad edilib. Azərbaycan Ordusu, həmçinin ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, bundan başqa, Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib.
10 noyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata görə, noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları azad edildi.
Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun 2908 hərbi qulluqçusu şəhid olub, 6 nəfər isə itkin düşüb. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci ildə imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.