10.3 C
Gence
10.3 C
Gence

Bir sevgi hekayəsinə şahidlik edən nəğmə: “Neyləyim” mahnısı

“Neyləyim” mahnısı 1981-ci ildə ərsəyə gəlib. Mahnının sözləri şairə Nigar Rəfibəyliyə, musiqisi isə bəstəkar Emin Sabitoğluya aiddir. Bu ifa, həmçinin “Ala gözlüm” adı ilə tanınır.

Şeirin təxmini qələmə alındığı vaxt İkinci Dünya müharibəsi illərinə (1939-1945) təsadüf edir. Nigar Rəfibəylinin ömür-gün yoldaşı Rəsul Rza ön cəbhəyə yollanır. Şairə isə həyat yoldaşının yolunu gözləyir. Şeirdə xitab olunan “Ala gözlüm” də məhz Rəsul Rzadır.

Ala gözlüm, səndən ayrı gecələr,

Bir il kimi uzun olur, neyləyim

Bağçamızda qızıl güllər hər səhər

Tezdən açır, vaxtsız solur, neyləyim

1950-ci ildə “Neyləyim” şeiri “Azərbaycan” jurnalında çap edilir. Bu vaxt gənc Emin Sabitoğlu kitabxanada bəyəndiyi şeirləri qeyd dəftərinə yazır. Nigar Rəfibəylinin bu şeiri həmin şeirlərdən biri olur.

Bir müddət sonra Emin Sabitoğlu Nigar Rəfibəyli və Rəsul Rzanın oğlu Anarla dost olur. Sabitoğlu tez-tez onlara qonaq gəlir. Şairə yazdığı bəzi şeirləri Emin Sabitoğluya göstərib deyərdi ki: “Emin, sənin də vaxtın və imkanın olsa, bu şeirlərə bax, bəlkə hansınasa bir mahnı yazdın”. 

1981-ci ildə Rəsul Rza Nigar Rəfibəyliyə xərçəng diaqnozunun qoyulduğunu bilib, həyəcandan vəfat edir. Onun vəfat etdiyini Nigar Rəfibəylidən gizləyirlər. Emin Sabitoğlu bundan təsirlənərək dəftərində bir vaxt qeyd etdiyi “Neyləyim” şeirinə nəğmə bəstələyir. Həmin mahnını müğənni Akif İslamzadənin ifasında lentə yazdırır. Bir gün Nigar Rəfibəylinin yatdığı xəstəxanaya maqnitofon və həmin lenti gətirirlər. Mahnı şairənin xoşuna gəlir və o, yanına gələnlərə: “maqnitofonu qurun, Rəsula yazılan nəğməni dinləyək”,- deyirdi.

Çiçəklərin çəkir gözü intizar

Ayrılıqdan betər dünyada nə var?

Yaz axşamı səni bil ki, bu Nigar

Həzin-həzin yada salır, neyləyim?

Mahnının ilk lent yazısı Rəsul Rzanın ildönümü üçün idi. Akif İslamzadə mahnını ifa etdikdən sonra Şövkət Ələkbərova yenidən çəkilməsini tələb edir. Buna səbəb isə Şövkət xanımın mahnıdan təsirlənərək ağlamasının kadrlara düşməsi olur.

“Neyləyim” mahnısı Elçin Cəlilov, Aygün Bəylər, Azərin tərəfindən ifa edilib. Nəğmənin instrumental versiyasını Rəmiş və Humay Qədimovanın ifasında eşitmək olar. Həmçinin mahnı türk mügənniləri tərəfindən oxunub.

Mənbələr: 

  1. https://525.az/news/12545-nigar-refibeylinin-ala-gozlum-kitabina-yazilmis-on-soz
  2. https://www.youtube.com/watch?v=JCIMhgBOd_Y
  3. https://news.milli.az/interest/594395.html
  4. https://kayzen.az/blog/sevgi/10071/nigar-r%C9%99fib%C9%99yli-v%C9%99-r%C9%99sul-rza.html
  5. https://www.youtube.com/watch?v=e0GHE2q4LE0

Ən Çox Oxunan